EN

Tramp Ukraynaya elə bir silah verəcək ki, Putin sülhə gedəcək...


Elşən Manafov: “Praqmatikliyi ilə seçilən Trampın belə bir gediş edəcəyi gözlənilən deyil”

“The Telegraph” nəşrinin yaydığı məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə qapalı görüşdə mühüm hərbi tələb irəli sürüb.

Ukrayna lideri ABŞ-dan uzaqmənzilli “Tomahawk” (Tomahavk) kruiz raketlərinin verilməsini xahiş edib. Mənbələrin bildirdiyinə görə, Zelenski bu addımın Rusiya üzərində strateji üstünlük qazanmaq və onu danışıqlar masasına məcbur etmək baxımından həlledici olacağına inanır. Tramp görüş zamanı bu təklifi diqqətlə dinlədiyini və məsələnin “dəyərləndiriləcəyini” bildirib. Lakin Ağ Ev hələlik rəsmi qərar açıqlamayıb. Qərar müsbət olacağı təqdirdə, bu, müharibənin gedişatında dönüş nöqtəsi ola bilər. Məlumat üçün qeyd edək ki, “Tomahawk” raketləri maksimum 5500 killometr dərinliyədək strateji hədəfləri vura bilir. Hava müdafiə sistemlərinə əlavə yük – “Tomahavk”ların manevr və radardan yayınma qabiliyyəti Rusiyanın hava hücumundan müdafiə sistemlərini çətin vəziyyətdə qoya bilər.

Məlumat üçün qeyd edək ki, Baydenin prezidentliyi dövründə də Zelenski bu raketləri istəyb, amma ovaxtkı ABŞ prezidenti buna razılıq verməyib. Hazırda ABŞ-ın Ukraynaya verdiyi “Atakams” raketləri 300 kilometrədək olan hədəfləri vurur.

Maraqlıdır, Tramp “Tomahawk” raketlərini Ukraynaya verəcəkmi? Versə, Putini sülhə məcbur edə biləcəkmi bu raketlər?

“Bu, müharibənin gedişində rəsmi Kiyevin xeyrinə heç bir dəyişikliyə səbəb ola bilməz”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, Ukrayna prezidenti Zelinskinin ABŞ istehsalı olan “Tomahawk” raketlərini Rusiya üzərində üstünlük qazanmaq məqsədilə Ağ Evin sahibi Trampdan xahiş etməsi müharibənin gedişində rəsmi Kiyevin xeyrinə heç bir dəyişiklikliyə səbəb ola bilməz: “Bəli, bu raketlər ABŞ-ın hərbi arsenalında olan ən qorxunc və dağıdıcı silahlardır. Gücünə, hədəfi vurma qabiliyyətinə, radarlardan yayınma imkanlarına görə ən mükəmməl raketlərdir. ABŞ-ın hərbi arsenalına onlar 1983-cu ildə daxil olublar. Ayrılıqda birinin qiyməti 1,87 milyon dollardır. Ümumi sayları 7200 dən çoxdur. Körfəz müharibəsində, habelə ABŞ-ın keçirdiyi digər əməliyyatlarda bu raketlərdən istifadə olunub. Bununla belə, gerçəklikdə onlar heç də bütün hallarda hədəfləri düzgün vurmayıblar. Digər tərəfdən, bu raketlər dəfələrlə havadan müdafiə sistemləri tərəfindən aşkarlanıb və məhv edilib. Bu isə onların radarlar tərəfindən müəyyən edilməməsi ilə bağlı fikirlərin onların satış qiymətlərinin qaldırılması üçün Pentaqon tərəfindən yaxşı təşkil edilmiş piar kampaniyadan başqa bir şey olmadığını göstərir. Zelenskinin Trampla göruşundə bununla bağlı müzakirələri yayımlayan ABŞ KİV-ləri bu məlumatların Rusiya tərəfində hansı reaksiya doğura biləcəyini hədəfləyiblər və Kremlin bununla bağlı cavabını da çox gözləməyə ehtiyac qalmayıb. Rəsmi Moskva bu məlumatları soyuqqanlılıqla qarşılayaraq, bu qərarı qəbul edən tərəfin özünü intihar fikrindən uzaq olacagına işarə edib. Unutmaq lazım deyil ki, bu raketlərin ruslarda “Kalibr” adlı analoqu var. Onların ümumi sayı ABŞ raketlərindən az olsa da, daha çox nüvə başlıqlarını daşımaq qabiliyyətinə malikdirlər. Bütün digər parametrləri ilə ABŞ raketlərindən geri qalmırlar. Əgər ABŞ məlum raketlərin Ukraynaya verilməsi barədə qərar qəbul etsə, o artıq özünü Rusiya “Kalibr”lərinin, “Kinjal”ların, nəhayət rusların qitələrarası raketi olan “Voyevoda”ların (amerikalılar onu dəhşətlə Satana, yəni İblis adlandırırlar) hədəfinə çevirəcək. Bu, nüvə silahlarının kütləvi tətbiqi ilə müşayiət olunacaq 3-cü dünya müharibəsi olacaq. Bu müharibədə tərəflərdən hər hansı birinin qələbəyə olan inamı Pirr qələbəsindən başqa bir şey olmayacaq. Praqmatikliyi ilə seçilən Trampın belə bir gediş edəcəyi gözlənilən deyil. Əksinə, Tramp Ukraynaya silah dəstəyini artıracaq, lakin bu silahların pulunu artıq Avropa İttifaqı ödəməli olacaq. Yəni Tramp ABŞ-ın silah satışından külli miqdarda mənfəətini təmin etməklə, ABŞ-ın Avropadakı müttəfiqlərinin ondan olan maliyyə, hərbi və siyasi asılılığının daha da güclənməsinə nail olacaq”.

Vidadi ORDAHALLI

Chosen
72
10
baki-xeber.com

10Sources