EN

Arif Əsədov millimizin U-21 yığmasını çalışdıracaq? - ÖZƏL AÇIQLAMA

Azərbaycanın tanınmış futbol mütəxəssisi, milli komandamızın sabiq baş məşqçisi Arif Əsədov AFFA-nın Azərbaycan U-21 yığmasını çalışdırmaq üçün ona təklif göndərdiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Arif Əsədov İdman.biz-ə açıqlamasında bildirib ki, ona bu məsələ ilə bağlı heç nə deyilməyib.

O, gənclər komandası üzrə baş məşqçi postuna namizəd olduğu barədə yayılan məlumatları şərh edərək deyib:

“AFFA-dan mənə hələ heç bir təklif daxil olmayıb. İndi hansı post boşalsa, dərhal heç bir yerdə çalışmayan məşqçi ora yaraşdırılır (gülür – Red.). Amma bir daha deyirəm, heç kim mənimlə əlaqə saxlamayıb”.

Arif Əsədov “belə bir təklif gəlsə, cavabınız nə olardı?” deyə sual ünvanladıq.

“Hələ bu barədə danışmayaq. AFFA-dan təklif gələndə bu haqda danışaq”, - deyə mütəxəssis sualı cavablandırıb.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, AFFA gənclər yığmasının baş məşqçisi Ayxan Abbasovla razılığa gəlib və yaxın zamanlarda o, milli komandamızın baş məşqçisi elan olunacaq. Bunun ardından assosiasiya U-21 komandası üçün yeni baş məşqçi axtarışına başlayıb. Namizədlər sırasında sabiq köməkçi məşqçi, italyan Cianni De Byazi və 2020–2023-cü illərdə Azərbaycan millisində çalışan Arif Əsədov da yer alır.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı seçmə mərhələsi çərçivəsində İslandiya millisinə 0:5 hesabı ilə məğlubiyyətdən sonra portuqaliyalı Fernando Santuş millinin baş məşqçi postundan uzaqlaşdırılıb. Növbəti seçmə oyunda – Ukraynaya qarşı (1:1) komandaya Ayxan Abbasov rəhbərlik edib. Millimiz növbəti iki seçmə oyununu Fransaya (10 oktyabr) və Ukraynaya (13 oktyabr) qarşı səfərdə keçirəcək.

Teymur Tuşiyev

İdman.biz

Məqalədə:
Chosen
10
1
idman.biz

2Sources