EN

Gülüş onların ömrünü uzaltmadı...

Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov infarktdan dünyasını dəyişib.

Kult.az Unikal-a istinadla xəbər verir ki, bundan illər öncə həmkarları Anar Məmmədxanov və Elçin Həmidov da eyni səbəbdən vəfat ediblər.

Sabiq deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Dostları deyir ki, biz ölüm xəbərini alanda o hələ feysbukda onlayn idi. Həmin vaxt həyat yoldaşı, uşaqları evdə olmayıb. 5-ə 15 dəqiqə işləmiş dostu ilə danışıb. Sürücüsü evə gələndə Anarı huşsuz vəziyyətdə görüb. Yoldaşının dediklərinə görə, o evə çatanda Anarın bədəni isti olsa da, nəbzi vurmurmuş. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yaydığı açıqlamaya görə, onun ölüm səbəbi kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi olub. Anar Camal oğlu Məmmədxanov 2011-ci il aprelin 23-də 40 yaşında vəfat edib.

Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ildə 29 iyun-da Bakıda anadan olub. Sənətçi Parni iz Baku və Planet Parni iz Baku KVN teatrlarının da simalarından biri idi. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisigildə qaldığı müddətdə evin ən ağır işlərini ona gördürürlər, doyunca yeməkdən məhrum olan Elçinin vitaminsizlikdən kirpikləri tökülməyə başlayıb. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir. Elçin Həmidov 2011-ci il martın 4-də qəflətən dünyasını dəyişib. Həmin vaxt teatrda "Hərənin öz ulduzu" tamaşasının məşqi olub. Elçinin işə gəlmədiyini görən dostları onun evinə yollanırlar. Xilasedicilər qapını açdıqda onun cansız bədəni ilə qarşılaşırlar. Aktyor martın 5-də Xırdalan qəbiristanlığında torpağa tapşırılır. Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq...

Əməkdar artist Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[3] 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. O, bu gün (29 sentyabr) paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. Ailəli idi, 4 övladı var.

Chosen
27
1
axar.az

3Sources