EN

AMB: Yaşıl keçid layihələrinə 300 milyon manata yaxın kredit verilib

Azərbaycan Mərkəzi Bankı maliyyə institutlarının potensialının artırılmasına fəal dəstək göstərərək seminarlar, təlimlər və treninqlər təşkil edib. Həmçinin, qlobal institutlarla tərəfdaşlıq çərçivəsində bəzi ölkələrdə də Mərkəzi Bank tərəfindən layihələr həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudadə Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.

O qeyd edib ki, bu tədbirlər banklara yaşıl və dayanıqlı maliyyə məhsullarını hazırlamaq və tətbiq etmək üçün zəruri bilik və alətləri qazandırmaq məqsədi daşıyır:

“Azərbaycanın bank sektoru 2030-cu ilə qədər könüllü olaraq 2 milyard manat öhdəlik götürüb və bu, COP29 zamanı Azərbaycanın yaşıl keçid layihələrinə dəstək məqsədilə elan olunub. Bu öhdəlik sektorun iqlim fəaliyyətinə resurs ayırmağa hazır olduğunu və bərpa olunan enerji, dayanıqlı infrastruktur və digər davamlı layihələrin maliyyələşdirilməsinə sadiqliyini nümayiş etdirir.

Son rəqəmlər göstərir ki, bu bəyanatdan sonra yerli banklar təxminən 13 min kredit verib ki, bu da ümumilikdə 300 milyon manata yaxındır. Nəticə etibarilə, yaşıl keçid mürəkkəb və uzunmüddətli bir prosesdir. Amma bu gün yaratdığımız impuls uzunmüddətli təsir göstərəcək. İnanıram ki, bu tədbir bütün fəaliyyətləri ilə iqlim maliyyəsinin sürətləndirilməsinə və daha yaşıl, firavan Azərbaycanın qurulmasına katalizator olacaq”.

Chosen
34
teleqraf.com

1Sources