EN

İlk müştəriləri aldatdı, yeniləri ucuz tariflə ovlayır – CityNet qalmaqalı

Bir neçə ay öncə Səbail rayonu Jurnalistlər binasında CityNet internet provayderi fəaliyyətə başladı. Əvvəlki provayderdən yorulmuş və davamlı problemlərlə üzləşən sakinlər yeni şirkətin gəlişinə sevinmişdi. Hamı ümid edirdi ki, CityNet köhnə problemləri həll edəcək, daha sürətli və ədalətli xidmət göstərəcək. Ancaq çox keçmədi ki, bu ümidlər puç oldu. Şirkətin əməkdaşları binaya daxil olarkən sakinləri şirin vədlərlə aldatdı: “Birinci ay ödəniş edin, ikinci ay pulsuz olacaq”, “balansınıza əlavə kontur yüklənəcək” və s. Amma deyildiyi kimi olmadı. Hər şey sadəcə söz olaraq qaldı. Nəticədə sakinlər aldadıldı, etimad pozuldu, şirkətin adı isə hələ işinin ilk aylarında narazılıqla hallandırılmağa başladı.

Bu azmış kimi, indi də daha açıq-saçıq ədalətsizlik baş verir. CityNet əməkdaşları binaya gələrək abunəçi olmayan sakinlərə yeni abunəçilərə aylığı 15 manata internet təklif edirlər. Halbuki, əvvəldən qoşulmuş müştərilər hər ay 25 manat ödəyir.

Bu nə deməkdir? Köhnə müştərilərin etimadını qazanıb onlardan yüksək ödəniş almaq, sonra isə “yeni müştəri ovuna çıxmaq” üçün qiyməti ucuz göstərmək? Əksinə, normal şirkətlər ilk müştərilərə güzəşt edir, loyallığı mükafatlandırır. CityNet isə tam tərsinə, sadiq müştərilərini aldadaraq cəzalandırır, yeni müştəriləri isə ucuz “tələ” ilə ovlamağa çalışır.

Məsələ ilə bağlı əlaqə saxladığımız CityNet nümayəndələri isə məsuliyyətdən yayınaraq “şirkətin 15 manatlıq tarifdən xəbəri yoxdur” cavabını verirlər. Amma sakinlərə bu təklifi edənlər elə CityNet-in adından danışan ustalar və əməkdaşlardır. Hətta onlar CityNet-in vizit kartlarını sakinlərə paylayırlar. Əgər bu, şirkətin xəbəri olmadan baş verirsə, o zaman belə saxtakarlığa niyə göz yumulur? Yox, əgər xəbəri varsa, deməli, bu artıq müştərilərə qarşı açıq-aşkar aldatma kampaniyasıdır.

Bir neçə ay əvvəl boş vədlərlə sakinləri aldatmaq, indi isə qiymət siyasətində ədalətsiz davranmaq — bütün bunlar bir provayderin müştəriyə hörmətsizliyinin bariz nümunəsidir. Belə davranış şirkətin nüfuzuna zərbə vurmaqla yanaşı, həm də müştəri hüquqlarının kobud şəkildə pozulmasıdır.

CityNet bu siyasətlə nəyi sübut etmək istəyir? Əgər məqsəd daha çox qazancdırsa, unutmasınlar ki, müştərinin etimadı bir dəfə sarsıldısa, onu geri qaytarmaq mümkünsüzdür.

Qeyd edək ki, 15 manatlıq aylıq tariflə bağlı məsələni dəqiqləşdirmək üçün əlaqə saxladığımız CityNet əməkdaşından rəsmi mövqe almağa çalışdıq. Lakin hələlik şirkətin münasibəti açıqlanmayıb..Yenifikir.media

Chosen
9
moderator.az

1Sources