EN

Beynəlxalq Əmək Təşkilatı: Qlobal iqtisadiyyatın əsl dayağı KOB sektorudur

BAKI, 29 sentyabr. TELEQRAF

"Qlobal iqlim səylərində kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsi, ədalətli keçid siyasətinin KOB və mikro səviyyələrdə təmin olunması üçün mühüm başlanğıc nöqtəsidir. Biz çox vaxt “ədalətli keçid” dedikdə iri müəssisələri və ya transmilli korporasiyaları təsəvvür edirik. Halbuki qlobal iqtisadiyyatın əsl dayağı məhz KOB sektorudur. Dünyada KOB-ların biznes və məşğulluqdakı payı ilə bağlı müxtəlif statistik yanaşmalar mövcuddur".

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatında (BƏT) milli koordinator Yaşar Həmzəyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.

O bildirib ki, bütün hallarda onların payı olduqca əhəmiyyətlidir:

“Beynəlxalq Əmək Təşkilatının (BƏT) yanaşması dörd sütuna əsaslanır. Birinci sütun yaşıl biznesin inkişafıdır. Biz yalnız bacarıqları öyrətmirik, həm də KOB-lara “yaşıl düşünməyi” aşılamağa çalışırıq. Bu isə o deməkdir ki, onlar biznes modellərinə dayanıqlı yanaşmaları inteqrasiya etməli, təchizat zənciri və resurs səmərəliliyindən başlayaraq yeni innovativ məhsul və xidmətlər inkişaf etdirməlidirlər.

İkinci sütun maliyyəyə çıxışdır. Çox vaxt KOB-lar maraqlı və həyati əhəmiyyətli yaşıl layihələrlə çıxış edirlər, amma maliyyə imkanları məhduddur. Biz yerli banklarla, bank sektorları ilə işləyirik, maliyyə institutlarına yeni, innovativ kredit məhsulları hazırlamaqda dəstək veririk, həmçinin KOB-ların potensialını gücləndirərək ədalətli keçidə hazır olmalarına kömək edirik”.

O əlavə edib ki, üçüncü sütun isə BƏT-in sosial dialoq prinsipləridir:
“Sosial dialoq BƏT-in əsas prinsiplərindən biridir. BƏT-in “üçtərəfli” əməkdaşlıq adlanan arxitekturası hökumət, ən çox təmsil olunan işəgötürənlər və həmkarlar ittifaqları arasında qurulur. Azərbaycan nümunəsində biz burada üç tərəfdaşla işləyirik – Hökuməti təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmkarlar ittifaqları konfederasiyası və işəgötürənlər və sahibkarların beynəlxalq əməkdaşlıq təşkilatı. Biz bu tərəfdaşlarla və maliyyə institutları ilə birlikdə KOB-ların yaşıl inkişafına dəstək verəcək siyasətlərin hazırlanması üzərində işləyirik.

Sonuncu, dördüncü sütun isə daha yaşıl iqtisadiyyat üçün bacarıqlardır. Bu, sahibkarlara, KOB-lara, eləcə də onların işçilərinə enerji qənaəti, resurs qənaəti, tullantıların azaldılması, dayanıqlı idarəetmə və digər sahələr üzrə zəruri bacarıqları inkişaf etdirməyə dəstək deməkdir. BƏT-in KOB-lar və yaşıl bacarıqlarla bağlı strategiyası və yanaşması məhz bundan ibarətdir”.

Chosen
12
teleqraf.com

1Sources