EN

SSRİ-yə hələ də “yas” tutanlar – Putini ad günündə gözləyən SÜRPRİZ

Rusiya prezidenti Vladimir Putinin 4-cü (73-cü) ad gününü də işğalçı müharibə gedə-gedə qeyd eləməli olacaq. Bəzi mənbələrə görə, o, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovdan həmin tarixə - oktyabrın 7-dək Ukraynada ciddi hərbi uğur, “konkret hədiyyə” gözləyir, əks halda vəzifəsini itirə bilər.

Gerçəyə yaxın iddiadır. Amma çətin ki, belə bir arzu çin olsun. Səbəbi haqda az aşağıda...

“Hamımız ümid edirdik ki, SSRİ dağılandan sonra Rusiya bizim potensial tərəfdaşımız olacaq. Putinin 2005-ci ildə G8 sammitində bizimlə olmasının səbəblərindən biri də bu idi. Amma əslində yanıldıq. Çünki Rusiya Qərbə qarşı son dərəcə düşmən mövqedədir”.

Etiraf Böyük Britaniya kəşfiyyatının (MI 5) keçmiş rəhbəri Eliza Manninqem-Bullerinə məxsusdur.

Ancaq təkcə Qərbmi yanılıb? Kreml yalnızca Qərbə qarşımı düşmən və aqressiv mövqedədir?

Təhlükə həm də ondadır ki, Rusiya isteblişmenti, hətta cəmiyyətin mühüm hissəsi bu günədək Sovet İttifaqının süqutu ilə barışmayıb. Putinin dəyişməyən yüksək (80%) reytinqi bunun bariz sübutudur. Yaxud vaxtaşırı səslənən “SSRİ qanunsuz dağılıb” kimi sərsəm bəyanatlar (Guya o, qanunu yaradılıbmış)...

Beləcə, 34 il öncə “tikişlər üzrə” sökülmüş və cəhənnəmlik olmuş “qırmızı imperiya”ya Rusiyada, Kremldə hələ də ən yüksək səviyyədə “yas” saxlayırlar. Bu da növbəti fakt.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin dünən Almaniyanın keçmiş kansleri Angela Merkeli qəzəbli şəkildə qınayıb. Səbəb də nə olsa yaxşıdır? Sən demə, Merkel SSRİ-nin çöküşünü təqdir edib və hadisəni “həyatının ən xoşbəxt anı” adlandırıb.

Volodin isə bu açıqlamanın Qərbin Rusiyaya mənfi münasibətinin təzahürü olduğunu iddia edib. Onun zənnincə, Qərb siyasətçiləri Rusiyanı zəif görmək, hətta onun yox olmasını istəyirlər. “SSRİ-nin dağılmasından danışan prezidentimiz (Putin – Z.S.) bunu 20-ci əsrin ən böyük fəlakəti adlandırıb. Merkel isə bildirir ki, bu, onun həyatının ən sevincli anıdır”, - deyə velikorus “virusundan” əziyyət çəkən spiker donquldanıb...

Qəribədir, deyilmi? Məgər Merkel haqlı deyil? Normal adam imperiyanın süqutuna niyə sevinməsin ki? Müstəqilliyini bərpa edən Azərbaycan xalqı, azadlığa qovuşan digər millətlər niyə sevinməsin? Görəsən niyə yalnız ruslar və ya rusbaşlar hələ də SSRİ-yə “yas” tutur, “matəm” saxlayır? Bu, “şimal ayısı”nın bəd niyyətindən xəbər vermirmi?

Verir. Ukraynanın başına gətirilənlər görkdür. Yeri gəlmişkən, hazırda Putin Rusiyasının başı Ukrayna “bataqlığı”ndan çıxmağa qarışıb. Odur ki, həmsərhəd postsovet ölkələri, ümumən dünya və qlobal təhlükəsizlik üçün çox vacibdir ki, Moskva bu müharibədən qalib ayrılmasın. Başladığı ədalətsiz və işğalçı savaşa görə peşman edilsin və çox böyük ziyan, bədəl ödəsin. Dəmir dişləri həmişəlik sındırılsın.

Bundan ötrü Ukraynaya, cəsur Ukrayna xalqına ABŞ başda olmaqla, kollektiv həmin Qərb gərəkən bütün köməyi göstərməlidir. Ora hərbi qüvvə göndərməyə ehtiyac yox. Söhbət ən əvvəl maliyyə dəstəyindən, ən müasir silahlar və hərbi texnologiyalarla, HHM sistemləri ilə köməkdən gedir.

Yerdə qalanları ukraynalılar özləri düzüb-qoşacaq, həll edəcək. Necə ki, edirlər. Necə ki, 4 ilə Avropada yeganə və əsl döyüşən ordu yaradıblar. Yeni müasir silah zavodları inşa edib, hətta müharibə gedə-gedə xaricə silah (dronlar və s.) satmağa başlayıblar. Təbii ki, istehsal olunan artıq silahlar ixrac edilir...

Ukrayna ordusu eyni zamanda, Rusiya iqtisadiyyatının “ürəyinə” – ölkə boyu nefti emalı müəssisələrinə və aparıcı infrastruktura sarsıdıcı zərbələr endirməyə davam edir. Bu, sözsüz ki, həm də “SSRİ-2” xülyalarına, Putinin qorxunc imperiya planlarına vurulan zərbələrdir.

Zaman-zaman yazdığımız kimi, Ukrayna təkcə özünün yox, Rusiya xaric, bütün keçmiş müttəfiq respublikaların müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparır, qurbanlar verir. Böyük Şərə qarşı mücadilə isə bütün zamanlarda mədəni və sülhpərvər xalqlarda rəğbət doğurub və doğuracaq.

O ki qaldı ad günü sürprizinə, əminik ki, bunu Gerasimov yox, Ukrayna komandanlığı edəcək. Слава Україні!

Z.SƏFƏROĞLU

Chosen
15
1
musavat.com

2Sources