Bakı, 29 sentyabr, AZƏRTAC
Türk dövlətlərinin inkişafı və institutlaşması daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə bağlı müvafiq tezisləri var. Onun ifadəsi odur ki, bizim türk ailəsi çərçivəsində siyasətimiz fəal olmalıdır. Bundan başqa, biz bu imkandan istifadə edərək müzakirələr aparmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
BMTM rəhbəri qeyd edib ki, bəzi geosiyasi aktorlar və qüvvələr təşkilatın inkişafını istəmir və bunun qarşısını almaq üçün müəyyən kampaniyalar aparırlar: “Məsələn, zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatına qarşı müəyyən kampaniyalar başlanıb. Ayrı-ayrı ölkələrin adını çəkmək istəmirəm, amma çox vaxt bu fəaliyyətlər xaricdən koordinasiya olunur. Məqsəd isə təşkilatın inkişafını ləngitmək, zirvə görüşlərinin işinə mane olmaq və onun nüfuzuna zərər gətirməkdir”.
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarına diqqət çəkən F.Şəfiyev əlavə edib: “Azərbaycana qarşı dezinformasiya kampaniyaları məqsədyönlü şəkildə aparılır. Əvvəllər bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsi kontekstində təqdim olunurdusa, indi Yaxın Şərqdə baş verən hadisələrlə bağlı kampaniyalar aparılır. Böyük ehtimal var ki, bütövlükdə Türk birliyinə qarşı da müxtəlif dezinformasiya kampaniyaları və alətlər tətbiq olunacaq. Ona görə biz buna hazır olmalıyıq”.
F.Şəfiyevin fikrincə, hazırda bir sıra geosiyasi proseslər, xüsusən də Yaxın Şərqdəki hadisələr fonunda hazırlıqların görülməsi vacibdir: “Belə konfranslar bizim üçün fürsətdir. Ekspertlər səviyyəsində fikir mübadiləsi aparmaq və hətta cavab mexanizmləri hazırlamaq baxımından əhəmiyyətli rol oynayır”.