Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Moskvada görüşməyə hazırdır.
Missiya.Az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Putin Trampı daha əvvəl Alyaskada keçirilmiş sammitdən sonra Moskvaya dəvət edib və bu təklif hələ də qüvvədədir: “Putin Trampla görüşməkdən məmnun olar. Hər şey Trampın qərarından asılıdır”.
Peskov həmçinin Rusiya, Böyük Britaniya və Fransanın nüvə arsenalına dair məsələnin aktual olduğunu vurğulayıb. O, Rusiya ilə ABŞ arasında “Yeni START” sazişi çərçivəsində danışıqlara başlanmasının vacibliyini qeyd edib: “Gələcəkdə digər ölkələrin də nüvə potensialı məsələsi həll edilməlidir. Bu, Avropanın təhlükəsizliyi və strateji sabitliyi üçün mühüm məsələdir”.
Qeyd edək ki, Putin və Tramp sonuncu dəfə avqust ayında Alyaskada – Ankoric şəhərindəki Elmendorf-Riçardson aviabazasında görüşüblər. Sammit zamanı Putin Trampla növbəti görüşün Moskvada keçirilməsini təklif etmişdi. Tramp bu ideyanı mümkün saymışdı.
Seyranə Quliyeva Missiya.Az