EN

Dinləmək mədəniyyəti


Bir alim yoldan keçəndə iki nəfərin mübahisə etdiyini görür. Mübahisə edənlərdən biri o birinə belə deyir:
- Mən elə adamam ki, birini desən, minini deyərəm.
Alim də gedib dayanır bu sözü deyən adamın qarşısında, belə deyir:
- Mən də elə adamam ki, min söz desən, birinə də cavab vermərəm...
Alim bu sözü deyir və dönüb gedir, adam da matı-qutu qurumuş halda onun ardınca baxa-baxa qalır…
Əslində, bu mənzərəyə hamımız rast gəlirik. Gündəlik həyatımızda müxtəlif məsələlərlə bağlı istəsək də, istəməsək də, kimlərləsə üz-üzə gəlirik. Fərqli mülahizələr ortaya çıxır, düşüncələr toqquşur. Heç lazım olmadığı yerdə kimlərsə çənə-boğaza çıxırlar, mübahisə qızışır, adamlar bir-birinin qanını qaraldır, heç kim qarşı tərəfin nə demək istədiyini dinləmək istəmir.
Təbii ki, mübahisə edən tərəflərdən biri həqiqətə daha yaxındır, belə demək mümkünsə, haqlıdır, ancaq mübahisənin gedişində haqlı olan belə haqsız vəziyyətə düşür.
Gəlin, bir qədər soyuq ağılla düşünək ki, niyə bu cür qızğın, səbirsiz, səsli-küylü mübahisələr edirik axı? Olmazmı ki, sakitcə, səsimizi qaldırmadan, əsəbimizi pozmadan sözümüzü deyək və dönüb gedək? Bütün bunlar nəyin əlamətidir görəsən? Niyə israr edirik ki, qarşı tərəf bizim dediyimizi qəbul etsin?
Ümumiyyətlə, bir həqiqəti həmişə düşüncələrimizin, münasibətlərimizin önündə tutmağa çalışmalıyıq ki, həqiqət səmimiyyətdən doğur. Həmişə səmimi, dürüst olmalıyıq ki, eyni münasibəti də görə bilək. Əgər bu mövzuda örnək axtarsanız, əlbəttə, yenə Sevimli Peyğəmbərimizə (s.ə.s.) baxmalı olacağıq...
Birisi Onun yanına gəlib nəsə söyləyəndə bütün diqqəti ilə onu dinləyər, baxışlarını üzündən çəkməzdi. Təbii ki, Allah Rəsulunun (s.ə.s.) onu bu qədər diqqətlə, səmimiyyətlə dinlədiyini görən adam də hər sözünə, söhbətinə çəki-düzən verir, ən mühüm və zəruri bildiklərini söyləyərdi...
Natiqlik hələ ən qədim dövrlərdən bəri çox məşhur və üstün tutulan sənət növlərindən hesab olunub. Çünki məhz bu sənət sayəsində liderlər cəmiyyətə nüfuz edə, kütləni öz arxasınca apara biliblər. Ancaq danışa bilmək qədər dinləyə bilmək də vacibdir. Dinləmək o demək deyil ki, sən bir şey bilmirsən və qarşı tərəf həmişə sənə nəyi isə diqtə edir. Dinləmək, əslində, danışmağa hazırlaşmaq mərhələsidir. Bəzən o danışmaq çox qısa, məsələn, bir neçə kəlməlik də ola bilər. Ancaq nə qədər olur-olsun, həm doğru, həm də səmimi olmalıdır.
Əgər birisi sizə nəyisə çatdırmaq istəyirsə, onu axıra qədər dinləmək, fikrini, niyyətini öyrənmək lazımdır. Danışan adam, əslində, öz xarakterini ortaya qoyur, kimliyini sizə açır. Siz də bir tərəfdən dinləyir, bir tərəfdən də onun danışdıqlarını analiz edirsiniz. Adam sizə təsir göstərmək, öz iradəsini diqtə etmək istəyəcəksə, əmin olun ki, asanlıqla özünü büruzə verəcək. Daha sözünü kəsməyə, mübahisə etməyə ehtiyac qalmayacaq. O, sözünü bitirən kimi siz səsinizi qaldırmadan, həm də aram-aram onun söylədiklərindən çıxardığınız nəticəni kübar bir üslubla dilə gətirəcək, ya etirazınızı, ya da razılığınızı bildirəcəksiniz.
Əmin olun ki, əksər adamlar məhz artıq, gərəksiz danışdıqları üçün bəlaya düşürlər. Hamısı da əsəbi halda, kiminləsə mübahisə edərkən yerli-yersiz nə gəldi danışır, sonra da peşman olurlar. Soyuq düşüncə, təmkinli davranış və bütün hallarda səmimiyyət insana uğur gətirir. Kim tələsə-tələsə danışırsa, mütləq nəyisə unudur, sonradan yadına düşür ki, deməli olduğunu deməyib. Kim də düşünərək, aram-aram danışırsa, mətləbi az sözlə ən gözəl şəkildə qarşı tərəfə çatdıra bilir.
Dinləmək mədəniyyətində qarşı tərəfə dəyər vermək amili çox vacibdir. Məsələn, birisi danışır və siz də dinləyirsiniz. Əgər siz istəsəniz, qaş-göz ifadələrinizlə və ya başqa cür artıq o söhbətdən cana doyduğunuzu bildirə bilərsiniz. Ancaq bu halda, əlbəttə, siz bir insanın qəlbini qırmış, onu özünüzdən küsdürmüş olarsınız. Ancaq təbəssümünüzlə, həm də bütün diqqətinizlə baxışlarınızı onun üzünüə zilləsəniz, o da istər-istəməz səmimi olmağa çalışacaq. O danışarkən siz üzünüzə elə ifadə verirsiniz ki, onun danışığından nələrisə öyrənirsiniz. Bu ifadə əslində qarşı tərəfin boynuna məsuliyyət yükü qoymaqdır.
Xüsusilə, ailədaxili münasibətlərdə bu mövzu daha qabarıq görünür. Böyüklərdən biri danışır, uşaq tez-tez onun sözünü kəsir, öz iradını bildirir. Nə qədər xoşagəlməz bir mənzərədir, deyilmi? Bu məsələ ailə həyatında həm də ona görə aktualdır ki, danışmaq və dinləmək vərdişi əslində tərbiyə işidir. Uşaq böyüyü dinləməyi, iradı qəbul etməyi məhz ailə həyatında öyrənməlidir. Əgər böyük danışırsa, övlad sakitcə qulaq asmalı, müdaxilə etməməli, ona söz demək zamanının yetişməsini gözləməlidir.
“Yol böyüyün, su kiçiyindir” deyən atalarımız “yol” deyəndə əslində məsləhəti, sözü, ədəb-ərkanı nəzərdə tutublar. Yəni, zəruri ehtiyacı uşağa vermək lazımdır ki, əziyyət çəkməsin, ancaq məsləhətə, yol göstərməyə gələndə hər kəs ağsaqqalı, böyüyü dinləməli, onun dediyinə qulaq asmalıdır. Ola bilsin ki, kimlərsə “Ağıl yaşda deyil, başdadır” atalar sözü ilə mövzuya tamamilə fərqli tərəfdən yanaşmağa çalışacaq. Etiraz eləmirik, əlbəttə ağıl yaşda deyil, başqadır, ancaq yaşın ədəbi yoxdursa, ağlı da bir işə yaramaz. Çünki ədəb, mərifət, böyük-kiçiyin yerini bilmək çox mühüm əxlaq normalarındandır.
Klassik Şərq ədiblərinın hamısı birmənalı şəkildə az danışmağın, dinləməyi bacarmağın böyük sənət olduğunu vurğulamışlar. Bu mövzuda ən böyük nümunə Nizami Gəncəvinin məşhur:
“Az sözün inci tək dəyəri solmaz,
Çox sözün saman tək dəyəri olmaz”, misralarını göstərə bilərik. Əslində, Füzuli də, Sədi də, Rumi də, Hafiz də, hamısı bu mövzuda eyni fikri ifadə ediblər.
El arasında belə bir yozum var ki, iki qulaq iki eşitmək, bir dil isə bir danışmaq deməkdir. Yəni iki eşit, bir danış. Çox danışmaq çox bildiyini iddia etmək mənasına da gəlir. Təmkinlə dinləmək isə bir tərəfdən təvazökarılıq, digər tərəfdən isə öyrənmək istəyi kimi anlaşılır.
Qarşı tərəfə imkan vermədən, dayanmadan danışmaq həm də aqressiyanın əlamətidir. Dinləmək isə daha çox təvazökarlıq kimi qəbul edilir. El arasında həm də belə deyirlər ki, danışmaq gümüşdürsə, susmaq qızıldır. Susmaq isə dinləmək mənasındadır.
Bura qədər söylədiklərimizi bir araya gətirərək qısa şəkildə ifadə etmək istəyirik: Danışanda tələsməmək, danışanı axıra qədər dinləmək lazımdır. Dinləyərkən də hörmət, ehtiram əlaməti olaraq onun gözünün içinə baxmaq, baxarkən təbəssüm etmək ədəbdir. Əgər deyiləni qəbul etməyəcəyiksə, söz demək növbəmiz çatanda, kübar bir üslubla etirazımızı bildirib ayrıla bilərik. Unutmayaq ki, hay-küy, təzyiq yalanın, qorxunun əlamətidir. Özünə güvənənlər rahat olurlar, nə çığırmağı sevirlər, nə də öz dediklərini israrla qarşı tərəfə qəbul etdirmək istəyirlər. Vəssalam...

Murad Məmmədov
Chosen
27
1
yeniavaz.com

2Sources