EN

Ağdamda Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib

Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları Aqil Abbas, Elman Məmmədov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibətilə təbrik edərək onun həyat və yaradıcılığından, yaratdığı ölməz obrazlardan, muğamlarımızın inkişafındakı xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni maarif" fakültəsində təhsil alıb. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu oynayır. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər, həm də xalq və bəstəkar mahnılarının, muğamların mahir ifaçısıdır. Azərbaycan muğam sənətini dünyanın müxtəlif ölkələrində təmsil edir. Bununla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Mənsum İbrahimovun əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2005-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam kafedrasının müdiridir.

Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə tanınmış muğam ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları təqdim edilib.

Chosen
20
7
aznews.az

9Sources