EN

Şəhidlərin haqq etdikləri əbədi ehtiram

Ömrümüzün günləri bir-birinə oxşamır - fərqlidir, bənzərsizdir. Bəzən sevindirici, fərəhli, şən, bəzənsə kədərli, gözü nəmli, qəmli-qüssəlidir. 

Deyirlər ki, heç nə əbədi deyil, müvəqqətidir, necə deyərlər, nisbidir, ötəridir. İnsana həmişə sevinc gətirən, xoş günlər, xoş anlar yaşadan xoşbəxtlik də elədir. Bizə kədər bəxş edən, ovqatımızı korlayan, ürəyimizi qəmləndirən, qəlbimizi kədərləndirən bədbəxtlik də keçicidir.

Bəs əbədi olan, həmişəlik yaddaşlarda qalan, daim ürəklərdə yaşayan, illəri, əsrləri aşan, qəlblərdə dolaşdıqca dolaşan nədir? O nədir ki, insanlar həmişə ona böyük dəyər verirlər, qarşısında hörmətlə, izzətlə diz çökürlər, baş əyirlər, ünvanlarına ehtiram dolu sözlər deyirlər?! Təbii ki, ölümün gözünə dik baxa-baxa döyüşə atılmaq, igidlik, Vətən uğrunda canından keçmək, cəsurluq şərbətini qorxmadan içmək, bir sözlə, şəhidlik!!! Şəhidlik müqəddəslikdir, müdriklikdir, qəhrəmanlıqdır, təmizlikdir, əbədilikdir, hər kəsin əlinin çatmadığı ucalıqdır, ululuqdur!

Torpaq uğrunda canından keçmiş şəhidlərə həmişə, hər yerdə böyük ehtiram göstərilir. Çünki onlar əbədi ehtirama, hörmətə, diqqətə və şöhrətə layiqdirlər. Onlar bunu Vətən uğrunda gedən döyüşlərdə qanları, canları və qəhrəmanlıqları ilə qazanıblar. 

Şəhidlərin dəfnində iştirak etmisinizmi, onlara göstərilən hörməti, izzəti, diqqəti, sayğı və ehtiramı görmüsünüzmü? Dəfn zamanı şəhidlərə göstərilən ehtiramı gördükcə kövrəlirsən, göz yaşlarına hakim ola bilmirsən. Bu kövrəklikdə kədərlə, üzüntü ilə yanaşı, bir qürur, bir iftixar və həm də əbədi bir ehtiram olur.

Yaxınları, doğmaları şəhidin nəşini məxsusi hüznlə çiyinlərinə götürürlər. Asta, lal, sakit addımlarla dəfnə gəlmiş insanların toplaşdığı son mənzilə gətirirlər.  Bu anlar sanki dünya sükuta dalır, sakitliyə bürünür. Sanki bu anlar gözlərimizə bu cəsur oğulların azad etdiyi, uğrunda şəhid olduqları uca dağlar, gen dərələr, geniş çöllər, buz bulaqlar görünür. Din xadimi kövrək səsi, avazı ilə Quran ayələri oxuyur. Müqəddəs kitabımızın dəyərli sözləri ilə sanki şəhidlərin gedəcəyi, keçəcəyi yollara güllər, çiçəklər toxuyur. 

Dini rituallar başa çatdıqdan sonra Vətən uğrunda canını fəda etmiş şəhid ehtiramla son mənzilə yola salınır. Məzar üstünə qoyulan çiçəklərdən, əklillərdən  görünməz olur. Sonra qanımızı coşduran Dövlət himnimiz səslənir. Bu səsi əsgərlərin üzü səmaya tuşladıqları silahlardan atılan yaylım atəşi əvəz edir. Səslənən himnimiz də, yaylım atəşi də şəhidlərə əbədi ehtiramdır, sonsuz sayğıdır. Bunu onlar haqq ediblər, cəsarətləri, rəşadətləri ilə qazanıblar, əbədi tarix yazıblar.

Xalqımız həmişə şəhidlərini hörmətlə anacaq, onları tez-tez yada salacaq, heç vaxt unutmayacaq. Xiyabana gedəcək, onların məzarlarını ehtiramla ziyarət edəcək, qarşılarında diz çökəcək. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara əbədi ehtiram göstəriləcək. Gələcək nəsillər də könülləri sehrləyən, qəlbləri kövrəldən əbədi ehtiramı davam etdirəcək və zaman dayanmadan beləcə axacaq. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

1Sources