Britaniya şahzadəsi Harri atası Kral Çarlzla münasibətlərinin normallaşmasına bəzi insanların qəsdən maneələr yaratdığını bildirib.
Publika.az BBC-yə istinadla xəbər verir ki, o, son günlər mətbuatda atasının evindəki görüş barədə yayılan xəbərləri tamamilə yalan adlandırıb. Məlumata görə, Şahzadə Harri 10 sentyabrda Londonda, Klarens Hausda Kral Çarlzla görüşüb. Bu, onların 2024-cü ilin fevralından bəri ilk üz-üzə görüşü olub. Bununla belə, “The Sun” qəzeti şənbə günü yazmışdı ki, görüş gözləniləndən daha rəsmi ab-havada keçib və Harri özünü ailə üzvü kimi deyil, rəsmi qonaq kimi hiss edib.
Şahzadənin sözçüsü açıqlamasında iddiaları təkzib edərək bildirib ki, bu xəbərlər tamamilə uydurmadır və ata-oğul barışığını pozmaq niyyəti güdən mənbələr tərəfindən qəsdən yayılıb.
“The Sun” isə öz növbəsində Harri tərəfindən bəzi məqamların təsdiqləndiyini iddia edib və xəbərin dərc olunmasından öncə şahzadənin ofisinə şərh üçün müraciət etdiyini, lakin cavab verilmədiyini açıqlayıb.