EN

Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: "Elə burda ailə quracam"

Vətənə xidmət yalnız cəbhədə deyil, bilik meydanında da davam edir.

2023-cü ilin sentyabrında baş vermiş lokal xarakterli antiterror əməliyyatında iştirak etmiş qəhrəmanlardan biri bu gün Qarabağ Universitetinin tələbəsi, İsgəndərli İlqar Habil oğludur.

Gənc yaşında ön cəbhədə torpaq uğrunda mübarizə aparmış İlqar İsgəndərli indi təhsilini davam etdirərək ölkənin gələcəyi naminə yeni bir mübarizə yolunu seçib.

AzEdu.az həmin tələbə ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

- İlqar bəy, sizi öncə Xankəndinin azad edilməsi uğrunda göstərdiyiniz şücaətə, daha sonra isə Qarabağ Universitetinə qəbul olmağınız münasibətilə təbrik edirik. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq.

- Təşəkkür edirəm. Mən, İsgəndərli İlqar Habil oğlu, 2001-ci ildə Beyləqan rayonunda anadan olmuşam. Tam orta təhsilimi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə yollandım. 2021-ci ildə xidmətimi başa vurub evə qayıtdım. Xidmətimi başa vurduqdan 5-6 ay sonra yenidən hərbiyə qayıtmaq qərarına gəldim.

Kursu 3-cü səviyyə ilə bitirib, N saylı kəşfiyyat və hərbi hissəsində müddətdən artıq kiçik çavuş kimi xidmət etdim. 2023-cü ilin 19 sentyabrında Xocalı istiqamətində antiterror əməliyyatına qatıldım.

Keçən il isə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin İnşaat-mühəndisliyi ixtisasına 390,5 balla qəbul oldum.

- Niyə təhsilinizi məhz Qarabağ Universitetində davam etdirməyə qərar verdiniz?

- Mən hələ hərbi xidmətdə olarkən Cənab Prezidentin Qarabağ Universiteti ilə bağlı sərəncam imzaladığını eşitmişdim. Həmin vaxt hərbi xidmətdən təxris edilmə planım olmadığı üçün dərhal qərar vermək mümkün olmadı. Təxris olunduqdan sonra isə burada təhsil almağı düşündüm, çünki xidmət etdiyim müddətdə demək olar ki, bütün günlərim Qarabağda keçmişdi və bu yer mənim üçün xüsusi önəm daşıyır.

- İşğaldan azad olunmasında rol oynadığınız torpaqda indi təhsil almaq sizdə hansı hissləri yaradır?

- Təbii ki, bu, əvəzolunmaz bir hissdir. Döyüş zamanı gəzdiyim yerlərdə indi tələbə olmaq xüsusi bir duyğudur və sözlə ifadə etmək çətindir. İnsanları, universiteti və günü-gündən gözəlləşən şəhəri gördükcə, xoşbəxt oluram.

- Təhsil aldığınız ixtisası seçməyinizdə şəxsi maraq və təcrübənizin rolu oldumu?

- Əlbəttə. Təhsil aldığım ixtisasa əvvəldən marağım vardı və şəxsi təcrübəm bu sahədə daha uğurlu olmağıma kömək etdi.

- Bəs, universitetdə təhsil alan tələbələrlə, müəllim heyəti ilə münasibətiniz necədir?

- Hər şey yüksək səviyyədədir. Sağ olsunlar, mənimlə həmişə hörmətlə rəftar edirlər və yeri gələndə söhbət edirlər. Qısaca, hər cür dəstəyi mənim üçün əsirgəmirlər.

- Antiterror əməliyyatında iştirak etdiyiniz təcrübə sizin üçün necə bir mənəvi və şəxsi təcrübə oldu?

- Antiterror əməliyyatına daxil olanda biz artıq torpaqlarımızın işğaldan azad olunacağına əmin olduq. Bütün ordu vahid şəkildə əmrin gözlənilən nəticəsini təmin etməyə yönəlmişdi. Cənab Ali Baş Komandanın əmrindən sonra əməliyyat başladı. İlk növbədə döyüş yoldaşlarımla bu barədə danışdıq və heç kimin üzündə qorxu və ya ümidsizlik görünmürdü. Bizim yeganə məqsədimiz verilən tapşırığı vaxtında yerinə yetirmək idi.

Çox şükür ki, torpaqlarımızın işğaldan azad edilməsinə nail olduq. Bu, həyatımda heç vaxt unutmayacağım anlardan biridir. Vətənə kiçik də olsa töhfə verə bildiyim üçün qürurluyam və gələcəkdə də xidmət etməyə davam edəcəyəm.

- Xankəndiyə ilk daxil olduğunuz anı necə xatırlayırsınız və o an sizdə hansı duyğular oyandı?

- Elə Xankəndinin işğaldan azad edilməsi xəbərini biz verdik, çünki oraya ilk daxil olanlardan biri də mən idim. Antiterror əməliyyatından bir neçə ay əvvəl Xankəndini "YouTube" platformasından izləyirdim və həqiqətən də həsrətini çəkirdim. Uşaqlıq illərimizdə dərsliklərdə və böyüklərimizin danışdıqlarında Xocalı, Xankəndi haqqında məlumatlı idik. Həmin yerləri görmək mənim üçün bir xəyal idi, amma bilirdim ki, bir gün bu xəyal reallaşacaq.

Təsəvvür etmək ayrı bir hiss idi, amma Xankəndiyə ilk daxil olduğum an mən şoka düşdüm. Qanadım olsa uçardım. Düşmən artıq təslim olmuş, ağ bayraq qaldırmışdı. Hazırda hərbçi olmasam da, tələbə kimi öz missiyamı yerinə yetirirəm və Xankəndinin yenidən qurulmasında iştirak edirəm.

- Həmin dövrlərdə yaddaşınızda dərin iz qoyan hadisələr olubmu?

- Antiterror əməliyyatı zamanı ilk növbədə Xocalıdan başlamışıq. Xocalı mənim üçün xüsusilə həssas bir yer idi. Daxil olanda komandirim mənə dedi: "Hazırda Xocalının bir hissəsini işğaldan azad etmişik və əməliyyat davam edir". O an yerimdə 1-2 dəqiqə dayandım və özümə qəribə gəldi. Ağaclara, dağlara baxdım və düşündüm ki, buradayam. Uşaqlıqdan bəri həsrətini çəkdiyim torpaqdayam. Mən azad olunmasında pay sahibi olmuşam. Bu an ən yadda qalan xatirələrimdən biri oldu.

- Döyüşdə olduğunuzu öyrənəndə ailənizin reaksiyası necə oldu və bu sizə hansı hissləri yaşatdı?

- Ailənin narahat olmaması üçün əvvəlcə əməliyyatda olduğumu gizlətməyə çalışırdım. Sadəcə, döyüş bitdikdən 1-2 gün sonra valideynlərimlə əlaqə saxladım. Anam mənə dedi: "Onsuz da sənin döyüşdə olduğunu bilirdim. 2-3 gündür yatmırdım, hiss edirdim ki, əməliyyata qatılmısan". O vaxt telefonumuz olmadığı üçün əlaqə saxlamaq mümkün olmamışdı.

Anam mənə dedi: "Səninlə fəxr edirəm. Şükür ki, yaxşısan və ən əsası, səsini eşidirəm. Əgər torpaqların azad olunmasında sənin də payın varsa, sən də özünlə fəxr etməlisən". Bu sözlər bizim aramızda çox unudulmaz bir dialoq oldu.

- Qarabağ Universitetində təhsil almaq sizin üçün nə ifadə edir və Xankəndidə tələbə həyatı necə keçir?

- Antiterror əməliyyatında iştirakımla bağlı bir çox müsahibələrə dəvət olunmuşam. Qarabağ Universitetində təhsil almaq isə mənim üçün xüsusi qürur mənbəyidir. Burada hər kəsin gözündə o işığı, gələcəyə inamı görmək mümkündür. Xankəndi günü-gündən yenidən inşa edilir, düşməndən qalan dağıntılar aradan qaldırılır. Universitetin girişində "Qarabağ Universiteti" sözlərini görmək isə sözün əsl mənasında hər şeyə dəyər.

Bu yay boyu Xankəndidə qaldım, çünki buradan ayrıla bilmirəm. Bu şəhərlə, bu torpaqla bağlılıq mənim üçün sadəcə təhsil deyil, həm də həyatımın bir parçasıdır.

- Ailədə neçə övladsınız?

-Ailədə 4 övladıq. 3 qardaş,1 bacı. Böyük qardaşım ali təhsilini başa vurub və işləyir. Kiçik qardaşım orta məktəbdə 11-ci sinif şagirdidir. Bacımda hazırda orta məktəbdə 7-ci sinifdə oxuyur.

- Gələcəklə bağlı hansı hədəfləriniz var?

- Oxuduğum ixtisas üzrə hazırda Xankəndidə mühəndis kimi çalışıram. Gələcək planım yalnız bir amal üzərində qurulub. Xankəndinin yenidən inşasında iştirak etmək. Burada düşməndən heç bir iz qalmaması, yeni binaların ucaldılması istər tələbə yataqxanası, istərsə də digər tikinti obyektləri olsun, bu, mənim üçün həyatımın məqsədinə çevrilib.

Təhsilimi başa vurduqdan sonra isə arzum burada ailə qurub yaşamaqdır. Çünki Xankəndi mənim üçün sadəcə bir şəhər deyil, həm mübarizə yolumun, həm də gələcəyimin rəmzidir.

Chosen
2
7
musavat.com

10Sources