“Məşqlərdə standart vəziyyətlərin üzərində işləyirdik. “Şahdağ Qusar”la qarşılaşmada bundan maksimum istifadə etdik”.
Bu sözləri I Liqada çıxış edən “Səbail”in kapitanı Yusif Nəbiyevin futbolinfo.az saytına müsahibəsi zamanı deyib.
Həmin müsahibəni təqdim edirik:
– I Liqanın 3-cü turunda “Şahdağ Qusar” üzərində qələbə qazandınız. 2:0 hesablı qalibiyyəti və komandanızın sərgilədiyi oyunu necə şərh edərdiniz?
– Matça yaxşı hazırlaşmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. Bilirdik ki, “Şahdağ Qusar” da yaxşı komandadır. Maraqlı oyun alındı. Şadam ki, meydanı vacib 3 xalla tərk etdik.
– Maraqlıdır ki, görüşdə birini siz olmaqla, hər iki qolu müdafiəçilər vurdu. Təsadüfən belə alındı, yoxsa məşqlərdə bunun üzərində işləmişdiniz?
– Məşqlərdə standart vəziyyətlərin üzərində işləyirdik. “Şahdağ Qusar”la qarşılaşmada bundan maksimum istifadə etdik.
– “Səbail” ilk 3 turdan maksimum nəticə ilə – 9 xalla ayrılıb. Bu tempi uzun müddət saxlamaq mümkün olacaq?
– Bizim məqsədimiz çempion olmaqdır. Buna görə də hər oyunda qələbə qazanmalıyıq. Bilirik ki, bu, çətin olacaq. Buna baxmayaraq, hazırkı tempi saxlamaq, maksimum nəticə əldə etmək üçün vuruşacağıq.
– Növbəti turda “Şimal”ın qonağı olacaqsınız. Səfərdən 3 xalla qayıda biləcəksiniz?
– Səfərə qələbə üçün gedəcəyik. İnşallah, istəyimizə çatarıq. Vaxtımız var, oyuna yaxşı hazırlaşacağıq.
– Uzun illər Premyer Liqada oynamış futbolçu olaraq, I Liqa haqda ilkin təəssüratınız necədir? Bu liqada əsas çatışmazlıqlar hansılardır?
– Bəli, mənim üçün I Liqada ilk sezondur. Heç də asan deyil, hər oyun ağır keçir, döyüşkən komandalar çoxdur. Çatışmazlıqlara gəlincə, bu barədə nəsə deyə bilmərəm. Çünki mövsüm yeni başlayıb, hələ az sayda oyuna çıxmışıq.
– Çempionluğu və Premyer Liqaya qayıtmağı hədəfləyən “Səbail” istəyinə çata biləcəkmi? Çempionluq mübarizəsində yeganə rəqibinizin “Şəfa” olması fikri ilə razılaşırsınız, yoxsa başqa komandalar da sizə problem yarada bilərlər?
– İstəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Mən bütün rəqiblərə eyni gözlə baxıram. Hamısına hörmət edirəm, heç bir komandanı digərindən ayırmıram. Bütün görüşlər bizim üçün önəmlidir. Çalışacağıq ki, Premyer Liqaya I Liqanın çempionu kimi qayıdaq.