EN

"Bəzi məqamlardan narazı qaldım" - Qurban Qurbanov

"Qarabağ" Misli premyer-liqasının 6-cı tur matçında evdə "Qəbələ"ni məğlub etdi - 2:0.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Futbolçularımı təbrik edirəm. Kaxaber Sxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar... 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq, əzmkarlıq göstərdilər. "Qəbələ"yə uğurlar arzulayıram. Bizə gəlincə, vacib qələbə qazandıq. Qarşıda yaxşı müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi məqamlardan narazı qaldım. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldığı üçün arxayınlıq yarandı. Azarkeşlərimizə təşəkkür edirəm.

- Düşündüz ki, hakim rəqibə qırmızı vərəqə verməsə, daha yaxşı olardı?
- Belə fikir ağlıma gəldi. Ancaq rəqibi də düşünmək lazımdı. Bir həftə bizlə oyuna hazırlaşırlar. Birdən-birə görülən qırmızı vərəqə məşqçinin də planını pozur. Belə hallar hər iki komandaya fayda verir.

- Sanki futbolçular "Kopenhagen"lə matçdan öncə zədələnməmək üçün ehtiyatlı oynayırdı...
- Nə məndə, nə də futbolçularda belə fikir yox idi. Hər oyunda meydana maksimum nəticə üçün çıxırıq. Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz.

- "Kopenhagen"lə oyun ərəfəsində komandanın hazırlıq durumunu necə gördüz?
- Çempionatda hər oyun vacibdi. "Kopenhagen"lə matçı düşünmürdük. Çempionlar Liqasında heyədə 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardı, rəqiblərdi. "Qəbələ" 5 müdafiəçi ilə oynayır, "Kopenhagen" isə 4. İstənilən halda, "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdı.

- "Qəbələ"nin gənc futbolçusu Şahin Şahniyarov haqda fikirləriniz necədi?
- Bu cür futbolçuların əsas heyətdə oynamasına sevinirəm. Çox məsuliyyətli mövqedədi. Kaxaber Sxadadze ona güvənirsə, potensialından xəbər verir. Belə oyunçuları daim izləyirik. "Qəbələ"nin sol və sağ cinah müdafiəçiləri də bərk idi. Çox bəyəndim. Andrade, Zubir, Kaşuk, Addai kimi oyunçulara asanlıqla məğlub olmadılar.

-  Nəriman Axundzadənin "Kopenhagen"lə matçda heç olmasa 15 dəqiqə oynamaq ehtimalı var?
- Bəli.

- Qayıdan Ramil Şeydayev "Qarabağ"dan gedən Ramil Şeydayevin neçə faizidi?
- Faiz nisbətini demək düzgün olmaz. Amma hələ hazır deyil. Əlbəttə, əvvəlki performansı ilə indiki arasında fərq var. Təcrübəli oyunçudu. Onun ən üstün cəhətlərindən biri fiziki hazırlığıdı. Ramilə oyun təcrübəsi lazım olacaq. Qarşıdakı matçlarda bizə faydası dəyəcək. Çünki rotasiyalar edəcəyik. Oynadıqca keçmiş formasına qayıdacaq.

- Əvvəl transfer olsaydı, Çempionlar Liqasının iştirak ərizəsində adı ola bilərdi?
- Bəli.

KƏNAN BAHADIR

Chosen
19
1
football-plus.az

2Sources