EN

Benzin sərfiyyatına görə əlavə vergi? - Prezidentin fərmanının düzgün oxunuşu necə olmalıdır...


Prezident İlham Əliyev avtomobil nəqliyyatında sərnişin daşınmasının təkmilləşdirilməsi məqsədilə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması barədə fərman imzalayıb.

Fond avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi (2026-cı il yanvarın 1-dən) və Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olma haqqı (2027-ci il yanvarın 1-dən) hesabına formalaşacaq.

Qeyd edək ki, fərmanın imzalanmasından sonra sosial şəbəkələrdə gələn il yanvarın 1-dən avtomobil yanacağına görə yol vergisi tələb olunacağına dair müzakirələr aparılır. Vətəndaşlar doğrudan da benzin sərfiyyatına görə əlavə vergi ödəyəcəklər?

Aslan Əsədov: “Məqsəd yalnız cari problemlərin həlli deyil, həm də gələcək nəsillər üçün dayanıqlı, innovativ və vətəndaş yönümlü nəqliyyat sisteminin qurulmasıdır”

Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması barədə fərmanın imzalanması əhəmiyyətlidir: “Fərman bu və digər formada nəqliyyat vasitələri üçün yeniliklər, ilklərlə zəngin olacaq. Şəhərin mərkəzi ərazilərindəödənişli yolların təyini, ictimai əsaslı ödənişli yolların olması, nəqliyyat infrastrukturundan avtobusların özünüidarəetmə prinsipi ilə idarə olunması olduqca əhəmiyyətlidir. Bu təşəbbüs dövlətin nəqliyyat sahəsində uzunmüddətli strateji hədəflərini əks etdirir. Məqsəd yalnız cari problemlərin həlli deyil, həm də gələcək nəsillər üçün dayanıqlı, innovativ və vətəndaş yönümlü nəqliyyat sisteminin qurulmasıdır. Bu, həm də Azərbaycanın iqtisadi inkişafı, ekoloji dayanıqlılıq və urbanizasiya siyasətləri baxımından əhəmiyyətli bir addımdır”.

Eldəniz Cəfərov: “Bu fərmandan ən çox qazanan vətəndaşlar olacaq, çünki sərnişinlər daha rahat, təhlükəsiz və vaxtında mənzil başına çata biləcək”

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, paytaxt ərazisində hərəkət edən nəqliyyat vasitələrinin sıxlığı həm ekoloji, həm də iqtisadi problemlərə səbəb olur: "Atmosferə buraxılan zərərli qazların, o cümlədən CO₂ emissiyalarının həcmi dəartır. Nəliyyat sıxlığı artdıqca qəzaların sayı da artır. Bu isə həm vətəndaşlara, həm də dövlətə maddi və mənəvi zərər vurur. Buna görə yeni belə qərar qəbul edilib. Onu da deyim ki, xarici ölkələrdə bu təcrübədən istifadə edilir. Fondun yaradılmasında məqsəd mərkəzi küçələrə avtomobil axınının qarşısını almaq və tıxacları azaltmaqdır. Ödənişin məbləği və üsulları da fərqli ola bilər. Məsələn, ödəniş mobil tətbiq vasitəsilə, terminallar və ya digər ödəmə kanalları vasitəsilə baş tuta bilər. Sürücü ödəniş etməzsə, kameralar vasitəsilə avtomobilin dövlət nömrə nişanı qeydə alınacaq və sürücü cərimələnəcək. Ümumiyyətlə, bu mexanizmdən əldə olunacaq vəsait yeni yaradılacaq İctimai Nəqliyyat Fonduna köçürüləcək”.

Həmsöhbətimiz hesab edir ki, yeni qanun layihəsindən ən çox qazanan vətəndaşlar olacaq. Çünki sərnişinlər daha rahat, təhlükəsiz və vaxtında mənzil başına çata biləcək.

Günel CƏLİLOVA

Chosen
23
baki-xeber.com

1Sources