EN

Vətən müharibəsində qazanılan Qələbə xalqımızın birliyinin, milli ruhunun və Vətən sevgisinin təntənəsi olub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Anım Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid ailələri, MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla yad olunub.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyi münasibətilə MDU-nun şəhidlik zirvəsinə yüksəlmiş 6 məzununa həsr edilmiş filmin qısa təqdimatı keçirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə çıxış edərək, Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi və Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq düşməni məğlub edib. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi təkcə ərazilərimizin azad olunması ilə kifayətlənməyib, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. İ.İsmayılov şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayaraq, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

MDU-nun rektoru Anar Eminov bildirib ki, Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilib. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin edib. Onun sözlərinə görə, bu qələbə təkcə hərbi gücün deyil, həm də xalqımızın birliyinin, milli ruhunun və Vətən sevgisinin təntənəsi olub.

A.Eminov vurğulayıb ki, bu Zəfər şəhidlərimizin müqəddəs qanı bahasına əldə olunub və onların fədakarlığı, igidliyi daim örnək olaraq qalacaq. O, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 27 Sentyabrın Anım Günü kimi təsis edilməsinin şəhidlərimizə göstərilən dərin hörmətin ifadəsi olduğunu qeyd edib.

Rektor çıxışında xüsusi olaraq MDU-nun da bu müharibədə şəhidlər verdiyini xatırladaraq bildirib ki, 6 igid məzunumuz – Kənan Abdullayev, Əzəmi Hüseynov, Oruc Nəcəfli, Faiq Həsənov, Yusif Cəfərov və Qorxmaz İsgəndərov döyüş meydanında şəhidlik zirvəsinə ucalıblar. O, onların adlarının daim yaşadılacağını və qəhrəmanlıqlarının gənc nəslə örnək kimi çatdırılacağını deyib.

Tədbirdə şəhid məzun Kənan Abdullayevin anası Azadə Abdullayeva çıxış edərək, övladının qəhrəmanlığı ilə qürur duyduğunu bildirib. Qeyd edib ki, şəhid anaları üçün ən böyük təsəlli övladlarının adlarının unudulmaması, onların qəhrəmanlıqlarının gənc nəslə örnək kimi çatdırılmasıdır.

MDU-nun Riyaziyyat kafedrasının müdiri, Vətən müharibəsi iştirakçısı Rövşən Babayev döyüş yolundan danışaraq, qazanılan Zəfərin xalqımızın birliyi və əsgərlərimizin fədakarlığı sayəsində mümkün olduğunu bildirib. Vurğulayıb ki, hər bir əsgər və zabit müqəddəs amal uğrunda vuruşaraq torpaqlarımızın işğaldan azad edilməsinə töhfə verib. O, şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağını və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində daim örnək olacağını diqqətə çatdırıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə MDU-nun müəllim və tələbələrinin ifasında vətənpərvərlik ruhunda şeirlər, musiqilər səsləndirilib və “Əsgərə məktub” adlı səhnəcik canlandırılıb.

Tədbirdən sonra universitetin həyətində 6 şəhid məzunun xatirəsinə həsr edilmiş ağaclar əkilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
azertag.az

1Sources