Azərbaycan qələbəsini və sülh yolunu dünyaya göstərdi
“Enerji və təhlükəsizlikdə Azərbaycan əvəzolunmazdır: Beynəlxalq bazarlar sabitliyi üçün vacib tərəfdaş”
Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-York səfəri ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və iqtisadi diplomatiyada aktiv iştirakını bir daha təsdiqlədi. Prezidentin BMT tribunasından çıxışı, Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbənin beynəlxalq hüquqa uyğun əsaslarını önə çıxardı.
Səfər çərçivəsində Prezidentin işgüzar görüşləri və beynəlxalq investisiya forumunda iştirakı, Azərbaycanın yeni iqtisadi modelini, rəqəmsal transformasiya və qeyri-neft sektorunun inkişafını, eləcə də enerji təhlükəsizliyi və bərpa olunan enerji sahəsindəki strateji təşəbbüslərini nümayiş etdirdi. Bu səfər həm də Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığını və strateji tərəfdaşlığın möhkəmləndiyini göstərdi.
Qeyd edək ki, 2025-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ölkəmizin beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndiyini göstərdi. Vaşinqtondakı görüşlər strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə keçdiyini nümayiş etdirdi, Nyu-York səfəri isə Azərbaycanın qlobal iqtisadi və diplomatik təşəbbüslərinin davamı kimi qiymətləndirilə bilər.
Müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə başlayan sülh prosesi, 2022-2025-ci illərdə davam edən danışıqlar və avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin paraflanması ölkəmizin yeni reallıqlara uyğun iqtisadi və diplomatik modelinin formalaşmasını təmin edib. Prezidentin ABŞ səfərləri çərçivəsində əldə olunan razılaşmalar, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması, “907-ci düzəliş”in icrasının dayandırılması tarixi əhəmiyyət kəsb edir və Azərbaycan-ABŞ münasibətlərində etimadın və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.
Eyni zamanda, bu səfərlər Azərbaycanın genişmiqyaslı bərpa proqramları, Böyük Qayıdış, mina təhlükəsi ilə mübarizə və işğal dövründə itkin düşmüş 4 minə yaxın vətəndaşın taleyi kimi post-münaqişə məsələlərini beynəlxalq diqqətə çatdırmaq üçün də mühüm platforma oldu. Nyu-York səfəri çərçivəsində ölkəmizin yeni iqtisadi modeli, beynəlxalq investisiya forumları, rəqəmsal transformasiya təşəbbüsləri, qeyri-neft sektorunun inkişafı, enerji təhlükəsizliyi və bərpa olunan enerji sahəsindəki sərmayələr nümayiş olundu, Azərbaycanın regional və qlobal nəqliyyat, logistika və humanitar layihələrdəki rolu ön plana çıxdı.
Bu səfərlər həm də Azərbaycanın qlobal səviyyədə humanitar yardım, iqlim və enerji məsələlərində göstərdiyi məsuliyyəti, COP29 nəticələrinə sadiqliyi və yaşıl keçid strategiyasının reallıqlarını özündə əks etdirir. Eyni zamanda, ölkəmizin investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi artımın təşviqi və sosial rifahın artırılması istiqamətində atdığı addımlar beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilib.
Bir sözlə, Prezidentin avqust və Nyu-York səfərləri Azərbaycanın beynəlxalq siyasətdə güclü, iqtisadi sahədə isə dayanıqlı və strateji maraqlara söykənən yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Milli Məclis sədrinin müavini Musa Qasımlının da qeyd etdiyi kimi Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında problemlərin qoyuluşu, onlara yanaşma və yeni çağırışlara cavab vermək baxımından bütün əvvəlkilərindən fərqlənən çıxışı diplomatiyamızın parlaq səhifələrindən biri olmaqla tarixi əhəmiyyət daşıyır.
Musa Qasımlı Sherg.az-a açıqlamasında bildirib ki, dövlət başçısı bu dəfə Azərbaycana qarşı törədilmiş hərbi təcavüz, işğal və ədalətsizliklərdən deyil, qələbəyə və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində başlanan yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməkdən danışıb:

"Bu, bir millətin və dövlətin keçdiyi şərəfli yolun, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi uğrunda Azərbaycanın siyasi-diplomatik və “sərt güc”ünün nəticəsinin bütün dünyaya birinci şəxsin dilindən təqdim edildiyindən əhəmiyyətlidir. ATƏT-in Minsk qrupunun öz missiyasını yerinə yetirə bilmədiyinin, həmsədrlərin beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa, münaqişəni dondurulmağa çalışmasının deyilməsi əslində bəlli dairələr tərəfindən yürüdülmüş riyakar siyasətin dünyanın gözü qarşısında yüksək kürsüdən ifşa edilməsi və onlardan ucada dayanmaq deməkdir. Bu, Azərbaycanın 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək apardığı müharibənin xarakterinə görə, ədalətli, azadlıq və Vətən müharibəsi olduğunun bütün dünyaya bir daha bəyan edilməsidir. Hərb meydanında qazanılan qələbənin 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini paraflaması təkcə regiona sülh gətirmir, həm də ABŞ-a münasibəti göstərir".
Vitse spiker hesab edir ki, çıxışda sülh və regional bağlantıların sıx qarşılıqlı əlaqəsinin vurğulanması son dərəcə əhəmiyyətlidir:
"Sülh olmasa əməkdaşlıq da olmaz. Regional bağlantıların davamlı sülh üçün vacib amil olduğunun deyildiyi çıxışda Vaşinqton Sammitinin mühüm nəticələrindən birinin Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” bir nümunə kimi göstərildi. Vaşinqton Sammitinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını qoymasının deyilməsi xüsusi önəm daşıyır. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanan Anlaşma Memorandumu siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Prezident Donald Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarının tarixi addım kimi qiymətləndirilməsi, bunun ardınca ABŞ Konqresinin bu düzəlişi birdəfəlik ləğv etməyə çağırılması, düzəlişin ikili standartların mirası olduğunun, ona son qoymağın Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirəcəyinin deyilməsi anti-Azərbaycan mövqe tutmaqda davam edənlərə də bir xəbərdarlıqdır".
M. Qasımlının fikrincə Azərbaycanın Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına başlamasının da vurğulanması böyük əhəmiyyət daşıyır:
"Müharibədən çıxan Azərbaycanın bu işi heç bir xarici dövlətin, beynəlxalq maliyyə təşkilatının yardımı olmadan təkbaşına etməsi, qısa müddət ərzində keçmiş məcburi köçkünləri dövlət büdcəsi hesabına dədə-baba torpaqlarına rahat evlərə qaytarması Prezident İlham Əliyevin müəyyənləşdirdiyi maliyyə-iqtisadi siyasətin düzgünülüyünü göstərir. Azərbaycanın qarşısında dayanan ən ağır humanitar problemlərdən birinin Ermənistan işğalı illərində yerləşdirilmiş minaların yaratdığı təhlükənin olmasının, 2020-ci ilin noyabrından etibarən 400-dən çox azərbaycanlı mülki şəxsin və hərbçinin mina partlayışları nəticəsində həlak olmasının və ya ağır yaralanmasının deyilməsi təkcə işğalçı ölkənin siyasətinin mahiyyətini açmır, eyni zamanda keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törətdiyini göstərir.
Çıxışda Ermənistanın hərbi təcavüzü və işğalı zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının faciəli taleyinə humanitar problem kimi xüsusi diqqət yetirilməsinin və tədbir görülməsinin vacibliyinin vurğulanması da böyük əhəmiyyətlidir. Bu, Azərbaycan dövlətinin insan taleyinə biganə qalmadığının dünya müdiriyyəti hesab edilən BMT-dən bir daha bəyan edilməsidir. Sülh, regional bağlantılar və iqtisadi inkişaf olmadan enerji təhlükəsizliyinin etibarlı qoruna bilmədiyinin deyilməsi bəzən bunlara əlahiddə baxan müəyyən dövlətlərə xəbərdarlıqdır. Bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyən Azərbaycan şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayır. Bu o deməkdir ki, Azərbaycansız beynəlxalq bazarlar sabit ola bilməz..."