EN

BMT Baş kürsüsündə Azərbaycana qarşı 907-nin ləğvinə çağırış edildi...


Abutalıb Səmədov: “Düzəliş Konqresdə ləğv olunmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı deyib ki, prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.

Prezident Əliyev vurğulayıb ki, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.

907-ci düzəliş niyə birdəfəlik ləğv edilmir? Amerikaya mane olan nədir ki, bu düzəlişi birdəfəlik ləğv edə bilmir?

“Bir neçə Respublikaçının erməni lobbisinin təsiri altına düşməsi...”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azadlığa Dəstək Aktına 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul olunub. A.Səmədov qeyd etdi ki, bu düzəlişin qəbul olunmasının bəhanəsi kimi AzərbaycanınErmənistanı guya blokadaya alması göstərlib. “O dövrdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi bu düzəlişin qəbulundan yalnız son anda xəbər tutdu və onun qarşısını almaq üçün heç bir addım ata bilmədi. Sonrakı illərdə Azərbaycan Prezidenti Heydər Əliyev dəfələrlə bu düzəlişinin ləğv olunması məsələsini Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti qarşısında qaldırdı. Hətta 1996-cı ilin dekabrında Lissabonda keçirilən sammit zamanı Heydər Əliyev vitse-prezident Albert Qora kəskin şəkildə etiraz etdi ki, biz ABŞ üçün bütün zəruri addımları atmışıq, onun bölgədəki nüfuzunun artması üçün əlimizdən gələni etmişik, ancaq siz 907-ci düzəlişi hələ də ləğv edə bilməmisiniz. 1997-ci ildə Heydər Əliyevin ABŞ-a səfəri oldu və orda da bu məsələni qaldırdı. Sonrakı illərdə də bu məsələlər qaldırılıb, administrasiya dəfələrlə söz verib ki, 907-ci düzəliş ləğv olunacaq, ancaq bu addım atılmayıb. 2001-ci ildən başlayaraq hər il 907-ci düzəlişin fəaliyyəti dayandırılıb. Bu da ABŞ-ın Əfqanıstanda apardığı əməliyyatlarla bağlı idi, bu əməliyyatlar Azərbaycan üzərindən aparılırdı, ABŞ təyyarələrinə Azərbaycan ərazisindən keçib getmək üçün şərait yaradılmışdı. Nə qədər ki, ABŞ-ın Əfqanıstanda bu əməliyyatları davam etdi, 907-ci düzəlişin qüvvəsi də hər il dayandırıldı. ABŞ Əfqanıstanı tərk etdikdən sonra Bayden administrasiyası yenə də 907-ci düzəlişi qüvvədə saxladı. Məlumdur ki, bu il prezident Tramp 907-ci düzəlişin fəaliyyətini dayandırmaq haqqında qərar verdi. Ancaq bu müvəqqəti dayandırmalar, təbiidir ki, problemi həll etmir”.

A.Səmədov bir məsələni də qeyd etdi ki, bu 907-ci düzəlişin qəbul edilməsi nəticəsində ABŞ-ın Ermənistana etdiyi yardım Azərbaycanla müqayisədə 3 dəfədən artıqdır, yəni Azərbaycan 907-ci düzəlişdən bu qədər ziyan çəkir. “Azərbaycan Prezidenti bir daha bu məsələni BMT Baş Məclisinin iclasında qaldırdı. Əsas problem nədədir? Düzəliş Konqresdə ləğv olunmalıdır. Burada da qüvvələr nisbəti təqribən bir-birinə yaxındır. Bir neçə Respublikaçının erməni lobbisinin təsiri altına düşməsi həmin düzəlişin ləğv olunmasının qarşısını ala bilər. Erməni lobbisinin də ABŞ-da çox güclü olduğu heç kimə sirr deyil. Ancaq Tramp administrasiyası kifayət qədər güclü administrasiyadır, Prezident Trampın qətiyyətli addımlar atmaq bacarığı hamıya məlumdur. O, verdiyi sözün üstündə duran prezidentlərdən sayılır. Baxmayaraq ki, bəzən ziddiyyətli bəyanatlar da verir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi barədə prezident Trampın mövqeyinin kəskin şəkildə tez-tez dəyişməsi göz qabağındadır. Ancaq ümid edək ki, 907-ci düzəlişlə bağlı Tramp birmənalı mövqe tutacaq, qəti şəkildə bu düzəlişin aradan qalıdırılmasına cəhd göstərəcək və son nəticədə 907-ci düzəlişin ləğv olunmasına nail olacaq. Bu, eyni zamanda ABŞ-ın da maraqlarına cavab verir. Cənubi Qafqazda möhkəmlənmək istəyən ABŞ ilk növbədə Azərbaycanla münasibətlərini qaydaya salmalıdır. Məlumdur ki, Strateji Tərəfdaşlıq memorandumu hazırlamaq üçün İşçi Qrupları fəaliyyət göstərir. Yəqin ki, qısa müddətdə bu sənəd hazırlanacaq və Azərbaycan ABŞ-ın strateji tərəfdaşına çevriləcək. Strateji tərəfdaşa qarşı bu cür ədalətsiz düzəlişin qüvvədə qalması münasibətlərimizə çox ciddi zərbə vura bilər. Üstəlik, Tramp marşurutunun işə düşməsində də Azərbaycanın rolu çox böyükdür. Azərbaycan hakimiyyəti bu marşurutun qısa müddətdə açılmasını istəyir. Bu işin səmərəli olması üçün də 907-ci düzəliş dərhal ləğv olunmalıdır. Hələ ki, Konqresin hər iki palatasında çoxluq Respublikaçılara məxsusdur. Onlar Trampın mövqeyini birmənalı şəkildə dəstəkləyirlər, onun Konqresdə nüfuzu hələ ki, yüksəkdir. Bu addım mütləq atılmalıdır və ümid edək ki, yaxın zamanlarda Tramp administrasiyası fəal şəkildə 907-ci düzəlişin ləğv olunmasına başlayacaq”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA

Chosen
19
baki-xeber.com

1Sources