EN

QAZAXISTANIN AKTAU ŞƏHƏRİNDƏ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN TƏŞKİLATÇILIĞI İLƏ BEKET ATA MIRZAQULULUNUN 275 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

Bakı.TurkicWorld

25 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində keçirilən görkəmli sufi mürşidi və maarifçi Beket ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın layihə menceri Talqat Muxanov iştirak edib, qurumun həyata keçirdiyi mədəni layihələr, xüsusilə türk xalqlarının ortaq irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib. O, Bəket ata Mırzaqululunun irsinin türk dünyasının mənəvi birliyində mühüm rol oynadığını vurğulayıb və bu irsin beynəlxalq elmi ictimaiyyət tərəfindən daha geniş öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

TurkicWorld xəbər verir ki, tədbir “Aktau – 2025-ci ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində baş tutur. Konfransda Bəket atanın zəngin mənəvi-fəlsəfi irsi, onun türk dünyasının mədəniyyətində rolu, eləcə də Oqlandı və Qədim Beyneudakı müqəddəs yeraltı məscidlərin qorunması və təbliği actual məsələlər sırasındadır.
Konfrans türk dövlətləri alimlərinin və beynəlxalq elmi mərkəzlərin nümayəndələrinin iştirakı ilə elm və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə, həmçinin Mərkəzi Asiyanın unikal dini-memarlıq irsinin dünyada tanıdılmasına töhfə verəcəkdir.
Konfransın əsas elmi istiqamətləri yeraltı məscidlərin memarlıq-tarixi əhəmiyyətinin və onların mühafizə statusunun araşdırılmasına, həmçinin müasir restavrasiya, qoruma və turizm yanaşmalarının tətbiqinə həsr olunacaq. Bu mövzular çərçivəsində alimlər və mütəxəssislər yeraltı məscidlərin dini-mədəni irsdə oynadığı rolu, onların qorunması və gələcək nəsillərə çatdırılması məsələlərini müzakirə edəcəklər.
Tədbirin tematik bölmələri iki əsas istiqaməti əhatə edib. Birinci bölmə: Tarixi-mədəni irs – Beket ata məscidlərinin qorunması, restavrasiyası və tanıdılması, həmçinin müqəddəs turizm və davamlı inkişaf məsələlərini önə çıxarır. İkinci bölmə: Tarix və etnoqrafiya – arxiv və mənbəşünaslıq araşdırmalarına, mənəvi irsin müasir cəmiyyətdəki rolunun elmi təhlilinə həsr olunacaq.
Konfransda Qazaxıstan Müsəlmanları Dini İdarəsinin Baş müftisi, Naurızbay Qazı Tağanulı, Mangistau vilayəti Akiminin müavini Tilegen Əbişev, Azərbaycan, Qazaxışstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Başqırdıstandan qatılan universitet müəllimləri, tanınmış alimlər, arxeologiya, memarlıq, restavrasiya, muzeyşünaslıq, din tarixi və etnoqrafiya üzrə mütəxəssislər, həmçinin beynəlxalq elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Konfrans yalnız elmi dialoqu gücləndirməklə kifayətlənməyəcək, eyni zamanda türk dünyasının ortaq mədəni irsinin qorunmasına və beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verən platformaya çevriləcəkdir.

Chosen
9
turkic.world

1Sources