EN

Kritik informasiya infrastrukturunun təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsinin ilkin mərhələsi başa çatıb - Komissiyanın iclası keçirildi  

Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli qurum olan Dövlət Təhlükəsizliyi Xidmətindən əldə edilmiş məlumata əsasən, müvafiq sahədə normativ hüquqi aktlarla təsbit edilmiş tələblərə riayət edilməsi vəziyyətinin yoxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər, qarşıya çıxan çətinliklər, eləcə də onların aradan qaldırılmasına dair məsələlər aidiyyəti Komissiyanın iclasında müzakirə edilib. Məlumatda Komissiyanın Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən olan üzvlərinin iclasda tam tərkibdə iştirak etdiyi də bildirilib.

Qeyd edilib ki, iclas zamanı kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı həyata keçirilmiş ilkin qiymətləndirmələrin nəticələri kollegial formada müzakirəyə çıxarılıb. Həmçinin bildirilib ki, bəzi kritik informasiya infrastrukturlarında aşkar edilmiş bir sıra nöqsanların aradan qaldırılması da təmin edilib. Müzakirələr nəticəsində ölkənin kritik informasiya infrastrukturunun müasir kibertəhdidlərə qarşı dayanıqlığının gücləndirilməsi istiqamətində yeni hədəflər müəyyən edilib. Bununla yanaşı, səlahiyyətli qurum tərəfindən təsdiq olunmuş plan əsasında kritik informasiya infrastrukturu subyektlərində ümumi və xüsusi təhlükəsizlik tələblərinə riayət olunmasına dair Komissiya tərəfindən həyata keçiriləcək yoxlamalarla bağlı məsələlərə baxılıb.

İclasın gündəliyində nəzərdə tutulmuş cari mövzularla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir sıra digər məsələlərin də müzakirəsi aparılıb. Beynəlxalq təcrübəyə (NIS-2, CSF 2.0) uyğun olaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblərin təkmilləşdirilməsi, habelə risklər və müasir kibertəhdid modelləri nəzərə alınmaqla, kritik informasiya infrastrukturu obyektlərinin siyahısının daim yenilənməsi milli maraqların təmin olunması baxımından vacib hesab edilib. Göstərilənlər nəzərə alınaraq, kritik informasiya infrastrukturu obyektlərinin siyahısında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihə təklifinin aidiyyəti üzrə təqdim edilməsi, habelə ölkədə xüsusi əhəmiyyətli sənaye idarəetmə sistemlərinin (SCADA) diqqətdə saxlanılması və siyahısının təkmilləşdirilməsinin zəruri olduğu bildirilib. Bununla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblərə riayət olunmasına nəzarətin gücləndirilməsi də müzakirə edilib.

Müzakirələr zamanı, kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etdiyi vurğulanıb. Habelə, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə əlaqədar kibertəhlükəsizlik xidməti provayderinə dair tələblərə uyğun olmayan hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərdən asılılığın aradan qaldırılmasının vacibliyi qeyd olunub.

Komissiyanın iclasında, Milli kibermərkəzin aidiyyəti subyektlərlə kriptoqrafik mühafizə vasitəsindən istifadə etməklə məlumat mübadiləsi apardığı bildirilib və bu təcrübənin sahə üzrə standartlar nəzərə alınmaqla daha da təkmilləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Məlumat üçün qeyd edək ki, sözügedən Komissiya, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasının təşkili ilə yanaşı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektləri tərəfindən həyata keçirilən tədbirlərin qiymətləndirilməsi, görülmüş işlərin nəticələrinə dair dövri hesabat və məlumatların hazırlanması, habelə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə və ya təhlükəsizlik üzrə kritik hal baş verdikdə, təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə müvafiq qaydada məsələnin qaldırılmasına məsuldur.

Chosen
13
47
azerbaijan-news.az

10Sources