"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmişdir. Dövlət başçısı çıxışında Azərbaycanın strateji məsələlərini diqqətə çatdıraraq vurğulamışdır ki, artıq ölkəmiz tarixi Zəfərdən sonra yeni hədəflər, uğurlar və nailiyyətlər barədə beynəlxalq ictimaiyyətə məlumat verir. Prezident qeyd etmişdir ki, Ermənistan son 30 ildə öz siyasətinin və idarəetmə sisteminin iflasını bütün dünyanın gözü önündə yaşamış, işğal dövründə isə Azərbaycan şəhərləri və kəndləri tamamilə dağıdılmış, 65 məscid isə məhv edilmişdir".
Bu fikirləri Operativ Media-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Deputat bildirib ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququndan istifadə etmiş və 2020-ci ildə ərazilərini işğaldan azad edərək tarixi qələbə qazanmışdır: “Dövlət başçısı diqqətə çatdırmışdır ki, müharibə zamanı Azərbaycan mülki əhalini və mülki infrastrukturu hədəfə almamış, beynəlxalq humanitar hüququn prinsiplərinə sadiq qalmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, 50 mindən artıq vətəndaş həmin torpaqlara geri qayıdaraq yaşayışını davam etdirir.
Prezident Əliyev həmçinin, müharibədən sonrakı dövrdə sülh quruculuğu istiqamətində aparılan danışıqlardan bəhs edərək, tərəflər arasında vasitəçilərsiz keçirilən görüşlərin müsbət nəticələr verdiyini vurğulamışdır. Sülh gündəliyində əsas prinsiplərin qəbul edilməsi, Vaşinqton razılaşmalarının imzalanması və beynəlxalq təşkilatların iştirakının sülh prosesinə töhfə verdiyi qeyd olunmuşdur”.
O qeyd edib ki, çıxışda Azərbaycanın enerji siyasəti də diqqət mərkəzinə gətirilmiş, xüsusilə qaz ixracının genişlənməsi, 14 ölkəyə tədarükün həyata keçirilməsi və bərpa olunan enerji sahəsində atılan addımlar vurğulanmışdır: “Dövlət başçısı 2030-cu ilə qədər ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılmasının əsas hədəf olduğunu bəyan etmişdir.
Prezident həmçinin, COVID-19 pandemiyası dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışmış, qlobal ədalətin və beynəlxalq hüquq normalarının seçici yanaşmalardan kənar, bərabərlik və ədalət prinsipləri əsasında tətbiq edilməsinin vacibliyini vurğulamışdır”.
Ayşən Sadıxzadə