EN

Yeniyetmə oyuna görə ailəsini qətlə yetirdi- 100 il həbs aldı

Ajans.az xəbər verir ki, Zeyn Əli məşhur onlayn "PUBG" oyununa aludə olmuşdu və vaxtının böyük hissəsini otağında kompüter qarşısında keçirirdi. Onun bu vərdişi tez-tez anası tərəfindən narazılıqla qarşılanırdı və ailə daxilində mübahisələrə səbəb olurdu. Polisin bildirdiyinə görə, hadisə günü Zeyn oyunda uğursuzluğa düçar olduqdan və anasından sərt tənbeh aldıqdan sonra özünü itirib. Daha sonra o, anasına məxsus xidməti tapançanı götürərək ailə üzvlərinin olduğu otağa keçib və 45 yaşlı anası Nahid Mübarək, 20 yaşlı qardaşı Taymur, 15 yaşlı bacısı Mahnur və 10 yaşlı bacısı Cənnəti güllələyərək öldürüb. Məhkəmə prosesində Zeyn Əli törətdiyi dəhşətli cinayəti tam şəkildə etiraf edib. Lahorun Əlavə Sessiyalar Məhkəməsinin hakimi Riaz Əhməd hər bir qətl üzrə 25 il olmaqla, ümumilikdə 100 il həbs cəzası təyin edib. Bundan əlavə, məhkəmə onu 4 milyon Pakistan rupisi məbləğində cərimələyib. Hakim bildirib ki, təqsirləndirilənin azyaşlı olmasına baxmayaraq, cinayətin xüsusilə amansız və qəddar formada törədilməsi səbəbindən cəza yüngülləşdirilə bilməz. Bu hadisə Pakistanda yeniyetmələr arasında onlayn oyun asılılığı və onun fəsadları ilə bağlı geniş ictimai müzakirələrə səbəb olub.

 

Chosen
12
Ajans.az

1Sources