EN

"Bu marşrutla ildə 100 minə yaxın sərnişin daşınacaq”

"Bu gün dəmiryol xəritəsində yeni istiqamət – Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə ilk rəmzi səfərimiz baş tutdu. Bu münasibətlə hər birinizi, Mingəçevir sakinlərini təbrik edirəm”.

Avtosfer.az xəbər verir ki, bunu ADY sədrinin müşaviri Arif Ağayev Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, bu marşrutun açılışı dəmir yolları üçün əlamətdar hadisədir. Çünki ilk dəfə Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlanılır: “Bildiyiniz kimi, mövcud rayonlararası marşrutların, daha dəqiq desəm, Bakı-Qazax-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı istiqamətlərinin giriş və çıxış nöqtələri paytaxt Bakıdır. Bu gün isə biz bu ənənəni pozaraq bir yeniliyə imza atmışıq. Daha bir ilk kimi uzun illərdən sonra Mingəçevirə dəmiryol nəqliyyatının bərpasını da qeyd etmək istərdim. Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində müasir, komfortlu elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək”.

A.Ağayev əlavə edib ki, bu marşrutdan Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa sakinləri də istifadə edə biləcəklər: “Bu marşrut istifadəyə verilməzdən öncə təhlükəsiz və fasiləsiz səfərlərin təmin edilməsi məqsədilə dəmir yollarının Mingəçevir sahəsində yenidənqurma işləri həyata keçirmişik. Mingəçevir şəhər stansiyasının binası əsaslı təmir edilib.

Bu yeni istiqamətlə dəmir yollarının səyahət coğrafiyası genişlənir, dolayısilə qatarla daşınan sərnişinlərin sayı artır. İlkin hesablamalara görə, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq, o cümlədən bu istiqamətlər üzrə səfər edən, Mingəçevir və Gəncə, Tovuz, Ağstafa, Goran, Dəllər və Qovlarda yaşayan insanlar üçün mobillik imkanları genişləndiriləcək”.

Müşavir qeyd edib ki, bu marşrut daha çox Mingəçevir əhalisinin rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə və Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına və tanıdılmasına şərait yaradacaq: “Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etmək və xidmət coğrafiyasını genişləndirmək olan hədəflərimizə çatmaq məqsədilə səylə çalışırıq. Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edirik. 2023-cü ildə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib. Bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidməti aktivləşdirilib.

2025-ci ilin əvvəlində Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı-Ağstafa-Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı-Ağdam-Bakı xətti açılıb. Qeyd edim ki, Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək”.

Chosen
34
8
avtosfer.az

9Sources