EN

Qüdrət Həsənquliyev: Putinə təzyiq etməyəcəklər

BAKI, 26 sentyabr. TELEQRAF

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Teleqraf müsahibəni təqdim edir:

- Qüdrət bəy, Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Ərdoğanın ABŞ-yə səfərlərini necə qiymətləndirirsiniz?

- Gəldiyim qənaət ondan ibarətdir ki, İlham Əliyev beynəlxalq birliyi Azərbaycanla əməkdaşlığı genişləndirməyə çağırır. İnvestorları Azərbaycanın investisiya qoyuluşu üçün təhlükəsiz olmasına, invesitisiya qoyuluşu üçün əlverişli biznes mühitinin mövcudluğuna inandırmaq istəyir. Prezident ABŞ ilə yaranmış isti münasibətlərdən istifadə edib, səfər zamanı ABŞ investorları ilə bu istiqamətdə bir sıra görüşlər keçirdi. Ümid edək ki, Prezidentin bu səyləri öz müsbət nəticəsini verəcək. BMT Baş Məclisində çıxış edərkən Prezident ölkəmizin öz ərazi bütövülüyünü necə bərpa etməsini, sülh üçün göstərdiyi səyləri bir nümunə kimi göstərdi. Beynəlxalq birliyin diqqətini Xəzər dənizinin qurumasına yönəltdi, bunun iqlim dəyişikliyi ilə bağlı olmadığını bildirdi.

Ərdoğanın ABŞ Prezidenti ilə keçirdiyi görüşün nəticələrini də müsbət qiymətləndirmək mümkündür. ABŞ-dən mülki təyyarələrin alınması, nüvə enerjisindən dinc məqsədlər üçün birgə istifadəyə dair sazişin imzalanmasını Türkiyə üçün böyük uğur hesab etmək olar. Hərbi sahədə əməkdaşlıq isə zənnimcə daha çox Türkiyə-İsrail münasibətlərinin inkişafından, Türkiyənin ABŞ-nin Yaxın Şərq siyasətinə nə dərəcədə dəstək verməsindən asılı olacaq. S-400-lər sadəcə bəhanədir.

- Türkiyə ABŞ-nin təzyiqi ilə Rusiyadan neft alışını dayandıra bilərmi?

- ABŞ-nin bu istəyi ciddi və real deyil. Tramp bunu Avropa, beynəlxalq ictimaiyyət və daxili auditoriya üçün səsləndirir. Putinlə yaxınlığına, Rusiyaya müharibəni dayandırması üçün ciddi təsir edəcək qərarların qəbulundan yayındığına görə, Trampın reytinqi son zamanlar sürətlə aşağı düşür. Buna görə də o ritorikasında müəyyən dəyişikliklər etmək zorundadır. ABŞ heç kimdən heç nə xahiş, yaxud tələb etmədən təkbaşına müharibəni dayandırmaq imkanına malikdir. Tramp, Putin, Ərdoğan eyni gəmidədirlər. Ona görə nə Tramp, nə də Ərdoğan müharibəni dayandırmaq üçün Putinə ciddi təzyiq etməyəcək, bəzi məsələlərdə ölkələrinin maraqları üst-üstə düşməsə də...

Chosen
8
5
teleqraf.com

6Sources