EN

Səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində olub. Nazir mərkəzdə müalicə-profilaktika məsələləri, yeni texnologiyaların tətbiqi və kollektivin qayğıları ilə maraqlanıb.

AZƏRTAC xəbər verir ki, nazir Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevlə birlikdə ölkədə ilk dəfə reallaşan robotik cərrahiyyə əməliyyatında iştirak etdikdən sonra Mərkəzin Uşaq Onkologiya Klinikasında olub. Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev qeyd edib ki, bu müasir klinika 2012-ci ildə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın qayğısı və səyləri nəticəsində yaradılıb. Uşaq klinikasının işi haqqında onun rəhbəri - tibb elmləri doktoru Reyman İsmayılzadə ətraflı məlumat verərək bildirib ki, 6 şöbəsi olan klinikada 18 həkim fəaliyyət göstərir. Klinikada müasir beynəlxalq protokollar əsasında kimyaterapiya, şüa və cərrahi müalicə aparılır. Görüş zamanı onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicə və profilaktikasını daha da yaxşılaşdırmaq məqsədilə fikir mübadiləsi aparılıb.

Səhiyyə naziri Teymur Musayev akademik Cəmil Əliyevlə Tibbi fizika və klinik topometriya şöbəsinə də gedib. Məqsəd mövcud avadanlıqlarla tanış olmaq, onların iş prinsiplərini öyrənmək və şöbənin gələcək inkişaf perspektivləri barədə müzakirə aparmaq olub.

Şöbənin müdiri Rövşən Rzayev ilk olaraq kompüter tomoqrafı (KT) avadanlıqlarından bəhs edilərkən deyib ki, KT simulyasiya onkologiyada müalicə planlaşdırılmasının əsas mərhələlərindən biridir. Bu metod vasitəsilə şişin dəqiq ölçüləri, yerləşməsi və ətraf orqanlarla münasibəti müəyyən olunur. KT nəticələri əsasında hər bir pasiyent üçün individual müalicə planı hazırlanır və şüa terapiyasının dəqiqliyi əhəmiyyətli dərəcədə artır.

Daha sonra qonaqlar braxiterapiya bölməsi ilə tanış olublar. Qeyd edilib ki, braxiterapiya zamanı radioaktiv mənbə birbaşa şiş toxumasına və ya onun ən yaxın hissəsinə yerləşdirilərək şüa məhz həmin nahiyəyə yönəldilir. Nəticədə yüksək dozalı şüa yalnız şiş hüceyrələrinə təsir edir və ətraf sağlam toxumaların qorunması maksimum dərəcədə təmin olunur.

Şöbənin ən mühüm hissəsini xətti sürətləndiricilər təşkil edir. Hazırda mərkəzdə ümumilikdə 5 xətti sürətləndirici fəaliyyət göstərir. Onlardan 1 ədəd TrueBeam, 2 ədəd VitalBeam, digərləri isə müasir Linac tipli xətti sürətləndiricilərdir. Bildirilib ki, mərkəzdə əlavə olaraq 3 yeni nəsil VitalBeam aparatının quraşdırılmasına da start verilib.

Nazirə məlumat verilib ki, TrueBeam sistemi yüksək dəqiqlik və sürət imkanları ilə seçilir. Bu aparat vasitəsilə stereotaktik radioterapiya həyata keçirilir. Stereotaktik radioterapiya kiçik ölçülü şişlərin yüksək dozalarla müalicəsini mümkün edir və qısa müddətdə yüksək nəticə əldə etməyə imkan verir. Bu metod xüsusilə beyin, ağciyər və qaraciyər şişlərinin müalicəsində tətbiq olunur. Stereotaktik müalicə zamanı şüa hədəfi dəqiq müəyyən edilir və ətrafdakı sağlam toxumalara təsir minimuma endirilir.

Şöbədə, həmçinin gating sistemi də tətbiq olunur. Bu sistem xəstənin nəfəs hərəkətlərini izləyərək şüalanmanı yalnız zəruri anda həyata keçirir. Beləliklə, döş qəfəsi və qarın boşluğu orqanlarının müalicəsində dəqiqlik artır, pasiyent üçün təhlükəsizlik və komfort təmin olunur. Gating sistemi xüsusilə süd vəzisi, ağciyər və qaraciyər şişlərinin müalicəsində nəfəs hərəkətinə bağlı hədəfin dəqiqliyini qorumaq baxımından böyük üstünlük verir.

VitalBeam aparatları isə gündəlik klinik praktikada geniş istifadə edilir və pasiyentlərin müalicəsində yüksək effektivlik təmin olunur. Yeni nəsil VitalBeam avadanlıqlarının quraşdırılması yaxın gələcəkdə mərkəzin imkanlarını daha da artıracaq və xəstə qəbulu prosesinin daha operativ təşkilinə şərait yaradacaq.

Klinika ilə tanışlıqdan sonra nazir Teymur Musayev həm klinikanın, həm də ümumilikdə Milli Onkologiya Mərkəzinin mövcud texniki bazası ilə tanışlıqdan məmnun qaldığını bildirib, yeni avadanlıqların istifadəyə verilməsi ilə ölkədə onkoloji xidmətlərin səviyyəsinin daha da yüksələcəyinə əmin olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
2
azertag.az

3Sources