EN

Nəsimi festivalının bağlanış tədbiri keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Üçüncü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının bağlanışı sentyabrın 25-də axşam saatlarında Bakıda “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.

AZƏRTAC xəbər verir ki, burada Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqili ədəbi-bədii gecə keçirilib.

Gecə “Savalan” qrupunun ifasında “Söz” layihəsinin iştirakçıları ilə şairlər və musiqiçilərin birgə məclisi formatında qurulub. “Mən ki, dərvişəm”, “Hardasan”, “Eşq əhli”, “Heyran olmuşam”, “Sığmazam”, “Mənəm mən” və digər əsərlər səslənib.

Festivalın bağlanışının son təqdimatı isə fərqli tərzdə ifaları ilə tanınan Çingiz Mustafayevin çıxışı olub. O, sufi motivləri əsasında performans təqdim edib.

Bədii qiraətçi Xəzər Süleymanlı AZƏRTAC-a açıqlamasında deyib ki, Nəsimi festivalı onun yaradıcılığında maraqlı məqam olub. Vurğulayıb ki, bu gün etnik musiqi və Nəsimi obrazı ilə ilk dəfə bu qədər yaxından ünsiyyətdə olması yaddaqalan təcrübədir. Qiraətçi əlavə edib ki, bu xətti davam etdirmək üçün çox cəhd göstərəcək. Xəzər Süleymanlı deyib ki, Nəsimi irsinin bu cür təqdimatı gənclərin marağını artırır, onları düşünməyə və yaradıcılığa sövq edir.

Qeyd edək ki, sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında maraqlı təqdimatlar, premyeralar olub.

Festival müxtəlif bədii ifadə formaları vasitəsilə humanizm, sevgi və tolerantlıq mövzularını araşdırmağı, mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edib.

Bakı və Şamaxının müxtəlif məkanlarında baş tutan festival bu il də Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi və ədəbi irsinin öyrənilməsi, ədəbiyyat və incəsənət sahəsində bir sıra tədbirlərlə yadda qalıb.

Chosen
35
8
azertag.az

10Sources