EN

Azərbaycanda klubların pul gözləntisi nə vaxt başa çatacaq?

Azərbaycan çempionatında çıxış edən klubların pul gözləntisi tezliklə başa çatacaq.

Saytımız bu barədə AFFA-dan məlumat alıb.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, SOCAR öz üzərinə götürdüyü işi görüb - yeni mövsümün ilk maliyyə partiyası artıq qurumun hesabına köçürülüb.

Vəsait bir neçə gün öncə AFFA-nın ixtiyarındadır. Sadəcə, Ədliyyə Nazirliyi hələ həmin məbləğin istifadəsinə icazə verməyib.

Sözügedən nazirlik tərəfindən sənədlərin yoxlanılması prosesi icra olunub. Çünki SOCAR milyonlarla pulu federasiyaya qrant kimi ayırır.

AFFA qeyri-hökümət təşkilatı olduğundan, quruma göndərilən qrantın mənbəyinin araşdırılması mütləqdir. Bu, hüquqi prosedurdur və qanunlarla tənzimlənir.

Araşdırmanın bu gün başa çatması gözlənilir. Federasiya çempionatın yarışmaçılarına vəd edib ki, ən uzağı, sentyabrın 29-30-u aralığında köçürmələr həyata keçiriləcək.

AFFA 2022-ci ildən bəri klublara aylıq ödəmə edir. Məbləğ yarışın statusuna görə dəyişir.

Premyer Liqa mənsubları 2,5 milyon manat alırsa, I Liqada qüvvəsini sınayanlara 30 min manat çatır. II Liqada mübarizə aparanlara verilən məbləğ isə 5800 manat təşkil edir.

Federasiya, adətən, hər ayın ilk 15 günü ərzində klubların bank hesabını vəsaitlə «doldurur». Öncəki mövsümlərdə ödəmə paketinin bir neçə dəfə gecikmə halına rast gəlinib, belə yubanma isə ilkdir.

SPORTİNFO.AZ

Chosen
35
sportinfo.az

1Sources