EN

ABŞ-da Dogecoin üçün ilk ETF istifadəyə verildi

ABŞ-da Dogecoin-ə sərmayə qoymaq üçün ilk dəfə birjaya çıxarılan fond (ETF) istifadəyə verilib. Bu, memkoinlər üzrə yaradılmış ilk ETF-dir.

Banker.az-ın məlumatına görə, 18 sentyabr 2025-ci ildə REX Financial və Osprey Funds şirkətləri tərəfindən istifadəyə verilən fond investorların Dogecoin-ə adi broker hesabları vasitəsilə sərmayə yatırmasına imkan yaradır. Beləliklə, onlar birbaşa kriptovalyuta ilə işləmədən bu aktivə yatırım edə bilirlər.

Wired-in məlumatına görə, ilk gün ticarət dövriyyəsi təxminən 18 milyon dollar olub. REX Financial şirkətinin rəhbəri Qreq Kinq bildirib ki, sabitkoinləri nəzərə almasaq, Dogecoin hazırda bazar dəyərinə görə dünyada altıncı ən böyük kriptovalyutadır.

Analitiklər qeyd edir ki, bu addım ABŞ prezidenti Donald Trampın kriptovalyutalara qarşı yumşaldılmış siyasəti nəticəsində mümkün olub. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) artıq tənzimlənən birjalarda ticarət olunan bütün kriptovalyutalara ETF icazəsi verir və əlavə təsdiq tələb etmir.

Ekspertlərin gözləntilərinə görə, yaxın zamanda digər kriptovalyutalara, o cümlədən memkoinlərə də ETF-lərin yaradılması mümkün olacaq. Lakin onlar xəbərdarlıq edir ki, belə ETF-lərin çoxalması spekulyasiyaların artmasına və investorlar üçün risklərin yüksəlməsinə səbəb ola bilər. Morningstar investisiya şirkətinin rəhbəri Brayan Armor bildirib: “Hər şey şiba-inu şəkilli bir zarafatla başladı. Bunu kapital bazarının bir hissəsi kimi qəbul etmək çətindir.”

Xatırladaq ki, 2025-ci ilin yanvarında SEC Bitcoin ETF-lərinə, avqustda isə Ethereum ETF-lərinə icazə vermişdi.

 

Chosen
23
banker.az

1Sources