EN

Paşinyan əvvəlki 3 prezidentin “abırlarını ətəklərinə bükdü”...


Rəşad Bayramov: “Qarabağın işğalı ermənilərə xoşbəxtlik gətirmədi”

Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə ittiham edirlər. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələriniz idi. Nə üçün nəvələrinizi və uşaqlarınızı ora göndərmədiniz? Cavab verin, Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan. Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?” - baş nazir qeyd edib.

Ümumilikdə, Paşinyan Ter-Petrosyan başda olmaqla Ermənistanın sabiq 3 prezidentini dəfələrlə ifşa edib. Bundan əvvəl Paşinyan Ter-Petrosyanı ən həlledici məqamlarda siyasi məsuliyyətdən qaçmaqda ittiham edib: “Siz 1996-cı ildə seçkilərin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə müxalifətdən qaçdınız. Başa düşürəm ki, indi də bunu istəyirsiniz, amma qaçmağa yer yoxdur”. Baş nazir, həmçinin Ter-Petrosyana sakitləşməyi və Ermənistanda qurulmuş dinc həyatdan həzz almağı tövsiyə etmişdi. Paşinyan Köçəryanı isə ölkədə kriminal rejim qurmaqda, korrupsiyada ittiham edib.

“Məhz onların dövründə Ermənistan təcrid vəziyyətinə düşdü, transmilli layihələrdən kənarda qaldı, Rusiyadan asılılıq artdı”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, əslində Paşinyanın dediklərində həqiqət payı kifayət qədər yüksəkdir: “Paşinyan haqlı olaraq ayrı-ayrı dövrlərdə Ermənistanda hakimiyyətdə olan 3 sabiq prezidentlə bağlı mövqe ortaya qoyub. Əslində bu, prinsip etibarı ilə təbiidir. Çünki Paşinyan ilk dəfə deyil ki, belə açıqlamalar verir. O, dəfələrlə sabiq prezidentlərin siyasi fəaliyyətini kəskin tənqid edib. Hər üçü Paşinyana qarşı müxalif mövqedə dayanıb. Paşinyan onları tənqid etdiyi kimi, onlar da adekvat olaraq Nikola qarşı tənqidi mövqedən çıxış edirlər. Nəticə etibarı ilə də bu, ictimai rəyə müvafiq təsir göstərir. Çünki gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. Yəni Ermənistanda seçkilərin yaxınlaşdığı bir dövrdə, təbii ki, belə bəyanatlar həm də seçkiyə, seçiciyə hesablanıb. İstər Paşinyan, istərsə də əks düşərgə ritorikanı sərtləşdirərək, qarşıdakı seçkidə üstünlük əldə etmək istəyir. Fikrimcə, seçki kampaniyası dönəmində daha sərt bəyanatların şahidi olacağıq. O ki qaldı Paşinyanın arqumentlərinə, deyilənlər həqiqətdir. Məsələ ondadır ki, Qarabağın işğalı ermənilərə xoşbəxtlik gətirmədi. Tam əksinə, beynəlxalq birlik işğalı tanımadı. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1996-cı ildə Lissabon sammitində məğlub oldu. O zaman ATƏT-in 53 üzvü Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bəzən bizdə sadəlövhcəsinə Ter-Petrosyanı mötədil siyasətçi kimi xarakterizə edirlər. Ancaq bu, kökündən yanlışdır. Ən azından ona görə ki, ərazilərimiz məhz Ter-Petrosyanın prezidentliyi dövründə işğal edilib. 1998-ci ildə Ermənistanda Köçəryan-Sarkisyanın timsalında quldur “Qarabağ klanı” hakimiyyətə gəldi. Halbuki, onların Ermənistanda legitimliyi yox idi. Ancaq Rusiyanın dəstəyi hesabına 20 il hakimiyyətdə qaldılar. Nəticədə Ermənistanda kriminal bir rejim formalaşdı, əhali ölkəni kütləvi şəkildə tərk etdi. Məsələn, 1991-ci ildə Ermənistan əhalisi 3,5 milyon nəfər idisə, hazırda əhalinin sayı heç 3 milyon nəfər deyil. Otuz ildir ki, əhali artmır. Məgər bu deyilənlər doğru deyil? Məhz onların hakimiyyəti dövründə Ermənistan təcrid vəziyyətinə düşdü, transmilli layihələrdən kənarda qaldı, Rusiyadan asılılıq artdı və s.”.

Vidadi ORDAHALLI

Chosen
14
baki-xeber.com

1Sources