EN

Ayxan Abbasov haqlıdı, yoxsa AFFA? – tərəflər razılığa gələ bilmir

Artıq 17 gündü ki, yığmanın baş məşqçisinin AFFA-nın binasındakı kreslosu o tərəfə fırlanır, bu tərəfə fırlanır. Sadəcə, ona görə ki, kresloda oturan yoxdu! Ən real namizəd kimi Ayxan Abbasov görünsə də, “Şamaxı”nın baş məşqçisi AFFA ilə razılığa gələ bilmədi.Mütəxəssis əcnəbi məşqçilərə verilən şansın da ona verilməsini, gücünün qarşıdakı 4 seçmə oyunda yox, Millətlər Liqasında bəlli olmasını istəyir.

Haqlıdımı? Haqlıdı. Ən azı Fernando Santuş, Canni De Byazi (həmçinin digər əcnəbi məşqçilər) kimi pula görə yox, nəticə verməyə, can qoymağa, futbolçuları həvəsləndirməyə gəlir. Santuşdan pis nəticə verməz ki. Amma Ayxan bəyin boynunda “Şamaxı” yükü də var. U-21 millisinin şəxsində bir neçə aydı əlində iki qarpız tutmağı bacaran Abbasovun bir əlindən U-21-i götürüb, əsas yığmanı qoysalar, işi daha da çətinləşəcək. Çünki bu qarpız daha ağırdı, daha göydü.

Ukrayna ilə oyundan sonra mətbuat konfransında da buna oxşar sual verilmişdi, cavabdan anlaşılan qədər Ayxan Abbasov “Şamaxı”nı da atmaq istəmir: “Üç qarpız çətindi, ikisi rahatdı”.

Qurban Qurbanov və Rəşad Sadıqov variantları da var, amma hazırda ən realı elə Ayxan Abbasovdu. Qarşıda üç milliyə qarşı dörd oyun var. Rəqiblər Fransa, İslandiya və Ukraynadı. Bu oyunlar Ayxan Abbasovun işini qiymətləndirmək üçün kifayət etməlidimi? Ayxan bəy belə düşünmür. Bəs dörd oyunda dörd böyükhesablı məğlubiyyətdən sonra bu məşqçi komandada qalsa? Belədə də AFFA qınaq obyekti olacaq.

Hər iki tərəf haqlıdı – həm Ayxan bəy, həm də AFFA. Onların ortaq məxrəcə gəlməsi isə çətin görünür.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
65
football-plus.az

1Sources