EN

Bakıda "Türk irsi dünya arenasında" mövzusunda dəyirmi masa

Dünən Bakıda, Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında “Türk irsi dünya arenasında” mövzusunda dəyirmi masada görkəmli türk mədəniyyət xadimlərinin 1925-ci ildə Parisdə keçirilən Ümumdünya Müasir Dekorativ və Sənaye Sənəti Sərgisində triumfal çıxışının 100 illiyi qeyd edilib.

Publika.az xəbər verir ki, sərgi XX əsrin birinci yarısında dekorativ sənətdə “art-deko” cərəyanına öz adını verməklə yanaşı, həm də türk xalqlarının mədəni nailiyyətlərinin tanınması üçün mühüm platforma olub. Məhz orada Türk dünyasının nadir mədəni irsi ilk dəfə dünya arenasında təqdim edilib. Sərgidə türk xalqlarının incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin, o cümlədən görkəmli mədəniyyət xadimlərinin 11 konserti olub – əfsanəvi Azərbaycan müğənnisi Şövkət Məmmədova, özbək müğənnisi Kari-Yakubov Muxitdin, parlaq rəqqasə Tamara xanım, qazax müğənnisi Emre Kaşaubayev və Başqırdıstandan olan kuray ifaçısı Yumabay İsyanbayev səhnədə çıxış ediblər.

Tədbiri giriş sözü ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açıb. O, çıxışında mədəni irsin qorunub saxlanması və gənc nəslə çatdırılmasının, müasir türk dünyagörüşünün formalaşdırılması yolu ilə ümumi türk şüurunun inkişafı və təkamülünün fondun əsas missiyası olduğunu vurğulayıb. Qeyd edib ki, mədəniyyət və mənəvi dəyərlər türk xalqlarını birləşdirən, qarşılıqlı anlaşmanı gücləndirən və onları daha parlaq gələcəyə aparan körpüdür.

Xanım Raimkulova bildirib ki, mənəvi dəyərlərin inkişafı və zənginləşdirilməsi üçün maarifləndirici layihələrin həyata keçirilməsi və birgə səylərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür təşəbbüslər mədəni ənənələrin və özünəməxsusluğun qorunub saxlanmasına töhfə verməklə yanaşı, elm, təhsil və yaradıcılıq sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır.

Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə çıxış edib. O, birgə layihənin əhəmiyyətini vurğulayıb, qeyd edib ki, fond fəaliyyət göstərdiyi müddətdə Türk dünyasının inkişafına mühüm töhfələr verib, mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş irimiqyaslı layihələr həyata keçirib.

Dəyirmi masanın məqsədi bu hadisənin tarixi əhəmiyyətini vurğulamaq, türk mədəniyyətinin və türk xalqlarının peşəkar ifaçılıq məktəblərinin böyüklüyünü nümayiş etdirmək olub. İştirakçılar Paris sərgisinin XX əsrdə incəsənətin inkişafına təsirini və onun bugünkü aktuallığını müzakirə ediblər. Görkəmli ustadların xatirəsinin yaşadılmasına, onların yaradıcılığının təbliğinə, bu ənənələri davam etdirən, Türk dünyası adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsində iştirak edən gənc ifaçıların dəstəklənməsinə xüsusi diqqət yetirilib.

Chosen
15
4
publika.az

5Sources