EN

İlham Əliyevlə Ərdoğan İrəvana səfər edəcək? -AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəkləri barədə iddia yayılıb. Bildirilib ki, liderlərin səfəri İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak üçün nəzərdə tutulub. Bu haqda həm Ermənistan, həm də Türkiyə mətbuatında məlumatlar öz əksini tapıb. 

Belə bir səfərin baş tutması ehtimal edilirmi?

Mövzu ilə bağlı Redaktor.az-açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu, bir o qədər də ciddi iddia deyil.

"Ona görə ki, söhbət cəmisi bir neçə aydan gedir və bu bir neçə ayda dövlət başçılarının bir-birinə, digər bir nöqtədən digər nöqtəyə səfər etməsi qədər şərtlərin formalaşdırmağı da inandırıcı görünmür. 2026-cı ilin yaz aylarında Ermənistanda yeni seçkilər keçiriləcək, yeni dövlət başçısı seçiləcək və parlament müəyyənləşdiriləcək".

Onun fikrincə, bu səfər yalnız və yalnız Ermənistanda olan radikal qüvvələrin işinə yaraya bilər:

"Çünki onlar konstruktiv meyilli siyasətçiləri dərhal Türkiyə və Azərbaycana satılmaqda ittiham edə bilərlər. Bu və digər mülahizələr belə bir səfəri mümkün etmir. Ancaq bütün hallarda heç bir ehtimalı nəzərdən qaçırmaq olmaz. Əgər Ermənistanda seçkilər 2026-cı ilin ilk aylarında baş tutarsa, yaz aylarına qədər yeni hökumət formalaşarsa, o vaxt formalaşacaq hakimiyyət sülh sazişini imzalayarsa və parlamentdə Azərbaycanın istədiyi kimi ratifikasiya etdirərsə, yalnız bundan sonra belə bir ehtimaldan danışmaq olar. Amma şübhəsiz ki, bu ehtimal da o qədər qüvvətli ehtimal deyil".

Aytəkin TOFİQQIZI

Chosen
66
redaktor.az

1Sources