EN

Tramp və Peskov arasında “pələng və ayı” savaşının arxasındakı diplomatiya oyunları - ÖZƏL

Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanı "kağız pələng" adlandırmasına cavab verib. Onun sözlərinə görə, "Rusiya pələng deyil, əsl ayıdır və kağız ayılar mövcud deyil". Peskov həmçinin qeyd edib ki, ölkədə makroiqtisadi sabitlik qorunur, lakin sanksiyalar və qlobal çətinliklər müəyyən problemlər yaradır. 
ABŞ-ın Rusiyanı zəiflədilmiş, iqtisadi problemlərlə üz-üzə qalan dövlət kimi təqdim etməsi beynəlxalq ictimaiyyətin Moskva ilə münasibətlərinə necə təsir göstərə bilər Rusiya özünü "həqiqi ayı" kimi təqdim etməklə daha çox güc nümayiş etdirmək istəyir, yoxsa daxili auditoriyaya inam mesajı verir?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 

" ABŞ-ın Rusiyanı zəiflədilmiş, iqtisadi problemlərlə üz-üzə qalan dövlət kimi təqdim etməsi həm informasiya müharibəsidir, həm də beynəlxalq münasibətlərdə mənfi rəy formalaşdırmaq üçün düşünülmüş siyasi strategiyadır. Donald Trampın "Rusiya kağız pələngdir" ifadəsinə gəldikdə isə aydın məsələdir ki, bu, Rusiyanın real gücünün şişirdildiyi əslində iqtisadi və hərbi baxımdan kövrək vəziyyətdə olduğunu göstərmək üçündür.  Tramp bununla həm də  Avropa İttifaqının Ukraynaya dəstəyini daha legitim göstərməyə çalışır, sanki zəifləyən Rusiya qarşısında durmaq mümkündür və bunun beynəlxalq nəticələri az olacaq. Bu mesajın beynəlxalq ictimaiyyətə təsiri tək bir istiqamətdə olmur. Qərbdə bəzi ölkələr və ictimai rəy bu arqumentlə razılaşa bilər və Rusiyanın nüfuz dairəsini zəiflətmək üçün siyasi təşəbbüsləri gücləndirə bilər.  Ancaq Çin, İran və ya Hindistan kimi ölkələr üçün bu ritorika, əksinə, Qərbin informasiya manipulyasiyası kimi də görünə bilər və Rusiya ilə tərəfdaşlıqlarına daha çox dəyər verməyə başlaya bilərlər. Yəni bu, ikitərəfli reaksiyalar doğura biləcək mürəkkəb diplomatik effektdir. 
Peskovun cavabı isə cavabdan söz dalaşıdır. "Rusiya pələng deyil, ayıdır" deməsi sadə bir düzəliş deyil, Kreml ritorikasının davamıdır. Yəni  Rusiya, Qərbin istədiyi kimi oyun meydanında oynayan çevik bir pələng deyil, öz şərtləri ilə yaşayan, kənardan idarə olunmayan bir ayıdır.  Rusiya Qərbə  güc nümayiş etdirir. Yəni "sanksiyalara baxmayaraq ayaqdayıq, çəkilin yolumuzdan" mesajıdır. İkincisi isə, Rusiya ictimaiyyəti üçündür. Aydın məsələdir ki. Rusiya iqtisadiyyatı real olaraq sanksiyalardan əziyyət çəkir, inflyasiya, maliyyə gərginliyi və ticarət məhdudiyyətləri ölkə daxilində hiss olunur. Belə bir fonda xalqın içində pessimizmin artmasının qarşısını almaq üçün Kremlə milli qürur, tarixi irs və güc simvolizmi lazımdır. Əslində, bu cür ritorika Rusiyanın müdafiəyə çəkildiyini göstərir. Peskovun "makroiqtisadi sabitlik qorunur" deməsi iqtisadiyyatda real inkişafdan yox, yalnız sabit qalmaq cəhdindən danışması Kremlin öz xalqına sadəcə "dağılmadıq" mesajı verməyə çalışdığını göstərir. Yəni, bu çıxış xarici auditoriyaya rəsmi mövqe bəyanatı olsa da, daxildə daha çox motivasyanı yüksəltmək üçündür.  Mənə görə Trampın dedikləri və Peskovun cavabı bir-birini tamamlayır. Biri beynəlxalq arenada Rusiyanı zəiflətmək istəyir, digəri isə eyni məkanda və öz daxilində bu zəiflik görüntüsünü inkar etmək üçün əfsanə qurur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources