EN

27 sentyabr Anım Günü

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən əsrin 90-cı illərində Ermənistan ərazi iddiası ilə çıxış edərək Qarabağ torpaqlarının 20 %-ni işğal etdi. Ermənistan tərəfindən törədilən soyqırım nəticəsində bir milyondan çox azərbaycanlı Qarabağdan didərgin düşdü.

30 il ərzində Azərbaycan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə əsasən öz torpaqlarını geri qaytarmağa çalışsa da, Ermənistan tərəf buna heç bir məhəl qoymadı.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanla Ermənistan arasında hərbi münaqişə baş verir. Buna baxmayaraq Ermənistan öz təxribatçı ideyalarından əl çəkməyərək, danışıqlar prosesinə əməl etmir.

2019-cu ildən Ermənistan vəziyyəti daha da gərginləşdirərək, təxribatçı bəyanatlarla çıxış edir, şərtləri tamamilə pozur. 2020-ci ildə iyul ayının 12-də Ermənistan ordusu Tovuz istiqamətində təxribat törədərək, öz ordusunu cəbhə xətti boyunca cəmləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinə dəfələrlə sülh yolu ilə məsələnin həlli üçün müraciət etsə də, Ermənistan Respublikası bütün danışıqlardan boyun qaçırdaraq, heç bir şərtə əməl etməyəcəklərini bildirir. Ermənistan hakimiyyətinin atdığı səf addımlar, verdiyi yanlış qərarlar müharibənin olmasını günü-gündən labüdləşdirir.

2020-ci il sentyabr ayının 27-də Ermənistanın silahlı qüvvələri Azərbaycan Respublikasının yaşayış məntəqələrini, həmçinin hərbi mövqelərini müxtəlif növ silahlardan atəşə tutmaqla beynəlxalq hüququn normalarını pozur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə baş verən hadisələrin qarşısını almaq üçün əks-hücum əməliyyatına keçir.

II Qarabağ müharibəsinin başlamasından dərhal sonra Ölkə Başçısı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurası toplanıb, iclas keçirir, Prezident orada konkret tapşırıqlar verir.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 28 sentyabr 2020-ci il 00:00-dan etibarən Azərbaycanda hərbi vəziyyət, 28 sentyabr 2020-ci il Sərəncamı iləsə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri müharibənin ilk günündən Azərbaycan Respublikasının bir neçə rayonunu, strateji əhəmiyyətli bəzi əraziləri işğaldan azad edir. Cənab Prezident İlham Əliyev bununla əlaqədar olaraq 29 sentyabr 2020-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanını imzalayır.

Müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri Vətən torpaqlarını işğaldan azad edərək, Ermənistan Respublikasının silahlı qüvvələrini darmadağın edir.

II Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq, 27 qadın, ümumilikdə isə 93 mülki şəxs həlak olmuş, 454 vətəndaş yaralanmış, 13360 yaşayış və qeyri-yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə, 1018 fermer təsərrüfatına zərər dəymişdir.

2020-ci il sentyabr ayının 27-də başlanmış II Qarabağ müharibəsi 10 noyabr 2020-ci ilə kimi davam etdi. Müharibə zamanı Ermənistan silahlı qüvvələri qadağan edilmiş fosfor bombalarından Azərbaycanın müxtəlif ərazilərinə 5 dəfə atəş açmışdır.

Cəmi 44 gün sürən hərbi əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndini, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsini işğaldan tamamilə azad etmişdir.

2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə imzaladıqları bəyanat əsasında müharibə Azərbaycanın qələbəsi ilə başa çatır. İmzalanan bəyanata əsasən Ermənistan hakimiyyəti kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmalı olur.

2020-ci il dekabr ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasının Anım Günü kimi təsis edilmişdir.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
sesqazeti.az

1Sources