EN

Ekspert: Şagirdlərə süni intellektdən düzgün yararlanmağı öyrətmək vacibdir

"Uşaqların ev tapşırıqlarında süni intellektdən istifadə etməsi müasir təhsil prosesinin qarşısıalınmaz reallıqlarından biridir. Təhlillər göstərir ki, texnologiyanın bu şəkildə tətbiqi həm öyrənmə prosesini zənginləşdirə, həm də bəzi hallarda tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər".

Bu sözləri Operativ Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, UNESCO-nun 2023-cü ildə dərc etdiyi hesabatda göstərilir ki, dünya üzrə orta məktəb şagirdlərinin təxminən 25 faizi ən azı bir dəfə ev tapşırıqlarında süni intellekt alətlərindən istifadə edib:

“ABŞ və Avropada bu göstərici daha yüksəkdir – 40 faizə yaxın. Azərbaycanda dəqiq statistika olmasa da müşahidələr və müəllimlərin qeydləri göstərir ki, xüsusən son iki ildə bu tendensiya artıb.

Müsbət tərəfi ondan ibarətdir ki, süni intellekt uşaqların öyrənmə prosesini sürətləndirir, biliklərə daha asan çıxış imkanı yaradır, fərdi öyrənməni təşviq edir. Məsələn, şagirdlər mürəkkəb riyazi məsələlərin həlli yollarını süni intellektdən öyrənə, inşa yazılarında ideya istiqaməti götürə və ya xarici dillərdə lüğət bazasını zənginləşdirə bilirlər. Bu tədris prosesində əlavə resurs kimi çıxış edir və uşağın təhsil imkanlarını genişləndirir. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində də göstərilir ki, təhsilalanların maraq və qabiliyyətlərinə uyğun müasir texnologiyalar tətbiq olunmalıdır. Bu mənada süni intellektdən istifadənin də qanuni əsaslandırması var”. 

Kamran Əsədov sözlərinə belə davam edib: “Mənfi tərəfi isə ondan ibarətdir ki, süni intellektdən həddindən artıq istifadə uşaqlarda tənbəlliyi artıra, tədqiqat və yaradıcı düşünmə vərdişlərini zəiflədə bilər. Şagirdlər cavabı hazır şəkildə əldə etdikdə, öz analiz və araşdırma bacarıqları arxa plana keçir. Bu uzunmüddətli perspektivdə onların ali təhsilə və əmək bazarına hazırlığını zəiflədə bilər. Müqayisə etsək Avstraliya və Böyük Britaniya məktəblərində bu problem daha qabarıq müşahidə olunduğu üçün bəzi məktəblərdə ev tapşırıqlarında süni intellektdən istifadəyə məhdudiyyətlər qoyulub.

Müqayisəli təhlil göstərir ki, dünya ölkələrinin əksəriyyəti süni intellekti tam qadağan etmək əvəzinə, onun düzgün istifadəsini öyrətməyə üstünlük verir. Məsələn Finlandiya məktəblərində şagirdlərə süni intellektdən necə elmi mənbə kimi istifadə etmək, necə plagiatdan qaçmaq lazım olduğu öyrədilir. ABŞ-da bəzi məktəblər ev tapşırıqlarını “açıq kitab” prinsipi ilə quraraq şagirdin yalnız nəticəyə deyil, prosesə diqqət yetirməsini tələb edirlər”. 

Ekspert qeyd edib ki, Azərbaycanda da dəyişməli olan əsas məqam süni intellekti qadağan etmək yox, onun düzgün istifadəsini öyrətməkdir: “Müəllimlər tapşırıqları elə formada hazırlamalıdır ki, şagird sadəcə cavabı deyil, düşünmə prosesini göstərsin.

Hesab edirəm ki, süni intellektin ev tapşırıqlarında istifadəsi həm faydalı, həm də risklidir. Müsbət tərəfi öyrənməni asanlaşdırmaq və biliklərə çıxışı genişləndirməkdirsə, mənfi tərəfi uşaqlarda tənbəllik və hazır cavablara öyrəşmə meyli yarada bilər. Doğru yol onun idarə olunmuş və nəzarətli şəkildə tədris prosesinə inteqrasiyasıdır. Elm və Təhsil Nazirliyinin bu mövzuda müsbət mövqe sərgiləməsi vacibdir çünki bu təhsilimizin həm müasirliyini təmin edəcək, həm də gələcək nəsillərin keyfiyyətli yetişməsinə xidmət edəcək”.

Ayşən Sadıxzadə

Chosen
57
operativmedia.az

1Sources