EN

Qarabağa qayıdan bəzi soydaşlarımız yeni şəraitə uyğunlaşmaq istəmir- Deputat


44 günlük müharibədən sonra hər bir məcburi köçkün üçün doğma yurd-yuvaya dönmək imkanı yarandı. Lakin ötən 5 ildə minlərlə insanın doğma dədə-baba ocağına qayıtmaq arzusu hələ də çin olmayıb. Bunun da obyektiv və subyektiv səbəbləri var.

Obyektiv səbəb odur ki, işğal dövründə və müharibənin gedişində ermənilər nəzarətdə saxladıqları ərazilərin hamısını minalayıb. Və Azərbaycanın bütün təşəbbüslərinə baxmayaraq Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini bizə vermədi. Təsadüfi deyil ki, ötən 5 ildə işğaldan azad olunmuş ərazilərdə onlarla insan mina partlayışı nəticəsində həyatını itirib, xəsarət alıb. Elə bir neçə gün öncə Birinci Qarabağ savaşının fəal iştirakçısı Xanının minaya düşməsi səbəbi ilə həyatını itirməsi bunun əyani sübutudur.

Digər səbəbsə məskunlaşmanın dövlət proqramı əsasında aparılmasıdır. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə aparılan tikinti işləri məhz dövlət sifarişi əsasında həyata keçirilir. Bu səbəbdən də məcburi köçkünlərin geri dönüşü ləngiyir.

Di gəl ki, bəzi soydaşlarımız yerli-yersiz məcburi köçkünləri ittiham edir, onların dədə-baba ocaqlarına heç zaman qayıtmayacağını söyləyir. Məsələn son günlər teleaparıcı Səidə Bəkirqızının məcburi köçkünlər haqqında söylədiyi fikirlər birmənalı qarşılanmadı. Aparıcı iddia edir ki, hər bir qaçqının bir neçə evi var deyə geri dönmək istəmir.

Başqa bir iddia ondan ibarətdir ki, geri dönən vətəndaşlar daimi iş yeri tapa bilmir. Guya bu səbəbdən də köçürülmüş insanlar bir müddət sonra geriyə dönürlər.

Məsələ ilə bağlı News365.az -a danışan Millət vəkili Ceyhun Məmmədov deyir ki, Cəbrayıl rayonundan olan və bu bölgədə tez-tez görüş keçirən bir deputat kimi deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər iş var:

“Bu yaxınlarda getdiyim vətəndaş qəbulunda xüsusi nümayəndəliyin əməkdaşları da iştirak edirdilər. Vətəndaşlara onlarla müxtəlif işlər təklif etdilər. Təəssüf ki, heç də insanların hamısı təklif olunan işi qəbul etmək istəmir. Bəzi insanlar zəhmətə qatlaşmaq əvəzinə evində oturaraq müavinət almaq istəyir. Nə vaxta qədər?! Müavinət və dəstəyin verilməsinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfi budur ki, insanlar işləmək istəmirlər, hər zaman dəstək istəyirlər. Vətəndaşlar özləri işləməkdə maraqlı olmalıdırlar. İşləmək istəyən insan üçün iş var. Qarabağda daha çox digər bölgələrdən gələnlərlər işləyirlər. Biz insanları Qarabağa qaytarırıq. Bu, böyük bir qayıdışdır. Dövlət hər ailəyə təmənnasız ev verir, həyətyanı və məşğulluq üçün torpaq ayırır. Bundan artıq dövlət nə edə bilər? İnsanlarımız dövlətin apardığı məskunlaşma proqramına sözdə yox əməldə dəstək verməlidirlər. Məsunlaşan vətəndaşlar daha təşəbbüskar və yaradıcı olmalıdırlar. O zaman kifayət qədər yeni iş yeri yaradılar”.

News365.az 

Chosen
8
news365.az

1Sources