EN

"At, eşşək, pişik, it ətləri birmənalı şəkildə qadağan olunmalıdır" -Eyyub Hüseynovdan ÇAĞIRIŞ

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq.

Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, küçə kəsimləri ilə Qida Təhlükəsizliyi Agentliyi yeddi ildən çoxdur mübarizə aparır.

"İnsanlar hələ sovet vaxtından görüblər ki, baytarların yox, qəssabların cibində möhür var, özləri ətə möhür vururlar, guya təhlükəsizdir. Düzdür, bu möhürlər yığışdırılıb, lakin insanların baytarlara inamı illər öncə yox olub. İnsanlar gördükləri əti almaq istəyirlər. Yalançı möhürlərdən can qurtarmaq istəyirlər. Bu qərar, əlbəttə, əhəmiyyət kəsb edir. Bu qərardan sonra möhürlənmə dövlət orqanları tərəfindən aparılacaq. Bəlkə küçə kəsiminə bunun özü təsir edər. Möhürləmə pulludursa, ətlərin qiymətinə cüzi təsir edə bilər, lakin mənə elə gəlir ki, pullu deyil. Çünki möhür mərkəzləşdirilmiş qaydada kəsilən yerlərdə vurulacaq. Bəlkə küçədə qəssabxanaların olmasının qarşısı alınar.

Nazirlər Kabinetinin hələ 2014-cü ildə qəbul olunmuş 94 saylı qərarı həyata keçirilərsə, biz dükanlarda ətlərin qablaşdırılmış şəkildə görəcəyik. Həmin qərara görə, əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalıdır, üzərində buraxılma tarixi, son yararlılıq müddəti, hansı fermer təsərrüfatında kəsilib və s. göstərilməlidir. Lakin biz görürük ki, bunlar yoxdur".

Müsahibimiz vurğuladı ki, istehlakçılar gözləri ilə gördükləri küçə ətlərinə üstünlük verirlər:

"Bilmirlər ki, təhlükəli ətlər gəlib onların evlərinə çatmış ola bilər. Murdar ətlər, düşünürəm, hətta bu qərardan sonra da mövcud olacaq. Onlar müəyyən yollarla gətiriləcək. Əgər bir ümumxalq mübarizəsi olarsa, ictimai nəzarət güclü olarsa, bəlkə də murdar ətlərin, at ətinin, eşşək ətinin satışı qarşısı alınar. Ölkədə heç bir ətin satışına qadağa yoxdur. Düşünürəm, bir qərar olmalıdır. Ənənəvi olmayan heyvan ətlərinin satışı qadağan olunmalıdır. At əti, eşşək əti, pişik əti, it əti birmənalı şəkildə qadağan olunmalıdır. Çox təəssüf ki, belə bir qadağa da yoxdur. Qanunvericilik tələb edir ki, sadəcə olaraq satıcı malın üzərində yazsın ki, bu nə ətidir. Lakin o əti də qatışdırıb satmaq olar. Hər halda düşünürəm ki, bu qərar ətin keyfiyyətinin yaxşılaşmasına və insanların təhlükəsiz ətdən istifadəsinə bir yol açacaq".

Aytəkin TOFİQQIZI

Chosen
26
redaktor.az

1Sources