EN

Almaniyada məcburi hərbi xidmətin bərpası müzakirə olunur

Müdafiə naziri bildirib ki, orduya tələb olunan sayda hərbçi cəlb olunmasa, parlamentin razılığı ilə qərar verilə bilər...

Poliqon xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius yaxın illərdə Bundesverdə (Almaniya ordusu) zəruri sayda hərbçi komplektləşdirilməsə, ölkənin məcburi hərbi xidmət sisteminə qayıda biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar yalnız Bundestaqın (parlamentin) razılığı ilə qüvvəyə minə bilər.

Hökumətin əsas məqsədi ordunun və ehtiyat qüvvələrin ümumi sayını 8–10 il ərzində 460 min nəfərə çatdırmaqdır. Bu çərçivədə 2026-cı ildən etibarən İsveç modelinə bənzər yeni çağırış sistemi tətbiq olunacaq. Yeni sistemə əsasən, 2007-ci ildən sonra doğulan bütün gənclərə şəxsi məlumatların yer aldığı anketləri doldurmaq təklif ediləcək. Qadınların iştirakı isə könüllü olacaq.

Hazırda Bundesverdə təxminən 182 min hərbçi xidmət edir. Halbuki ordunun hədəf göstəricisi 203 min nəfərdir. Bu rəqəmə çatmaq üçün Almaniya müdafiə xərclərini də ciddi şəkildə artırır. Belə ki, 2026-cı ildə hərbi büdcənin 82,7 milyard avro (ÜDM-in 2,8%-i) təşkil edəcəyi planlaşdırılır. 2029-cu ilə qədər bu göstəricinin 3,5%-ə çatdırılması nəzərdə tutulur.

Ekspertlər hesab edirlər ki, Almaniyanın hərbi büdcəyə rekord həcmdə vəsait ayırması və məcburi xidmətin gündəmə gətirilməsi Ukrayna müharibəsi fonunda Avropada təhlükəsizlik çağırışlarının artması ilə bağlıdır. Bundesverin gücləndirilməsi NATO öhdəlikləri və Almaniyanın qitədəki aparıcı rolunun davamı kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
7
poliqon.info

1Sources