EN

Naqif Həmzəyev: “Doğru strategiyalar kəndlərin inkişafına güclü təkan verə bilər” - Müsahibə

Naqif
Milli Məclisin deputatı Naqif Həmzəyev 1news.az-a müsahibəsində kənd təsərrüfatının və kənd həyatının perspektivlərindən danışıb. Müsahibəni təqdim edirik:
– Siz kənd həyatının gələcəyinə dair ciddi narahatlıq ifadə etmisiniz. Bu fikri daha ətraflı izah etməyinizi istərdik – hazırda hansı əsas məqamlar sizi bu qənaətə gətirib? – Problemlərə keçməzdən əvvəl kənd təsərrüfatının ölkədə sosial-iqtisadi əhəmiyyətini qabartmaq istərdim. İlk öncə qeyd etmək lazımdır ki, ölkə əhalisinin təxminən 45%-i kənd yerlərində məskunlaşıb. Məşğul əhalinin təxminən 35%-i kənd təsərrüfatı sahəsində çalışır. ÜDM-in 5–6%-i kənd təsərrüfatının payına düşür. Bununla yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunması baxımından da kənd təsərrüfatı strateji sektordur.
Narahatlığa gəldikdə, bu, təkcə Azərbaycana deyil, qlobal miqyasda kənd həyatına aiddir. Əsas problem daxili miqrasiya və kəndlərin boşalmasıdır. 1965-ci ildə dünya əhalisinin 64,5%-i kənddə yaşayırdısa, 2024-cü ildə bu göstərici 42,3%-ə düşüb. Gənclərin xüsusi çəkisinin kənd əhalisi arasında aşağı olması da diqqətçəkicidir. Bu prosesin səbəbləri arasında iqtisadi amillər, təhsil və texnologiya, infrastruktur problemləri və iqlim dəyişikliyi dayanır. – Son illərdə kənd təsərrüfatının və bölgələrin inkişafı istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir. Sizcə bu təşəbbüslər yetərincə effektivdirmi, yoxsa əlavə dəstəyə ehtiyac varmı? – 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları, kənd təsərrüfatına dair sahəvi proqramlar qəbul olunub. 2016-cı ildə yol xəritələri, 2022-ci ildə isə “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”, “Böyük Qayıdış proqramı”, “Su ehtiyatlarından səmərəli istifadə üzrə milli strategiya” təsdiqlənib.
Bu sənədlər əsasında kənd yerlərində yollar, körpülər, qaz, su və elektrik xətləri çəkilib, internet imkanları genişləndirilib. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət evləri tikilib. Aqroparkların sayı 50-ni ötüb, suvarma sistemləri yenilənib, ixrac imkanları artıb. 2004-cü illə müqayisədə dənli bitkilərin istehsalı 28,7%, tərəvəz istehsalı 50,6%, meyvə və giləmeyvə istehsalı isə 3,1 dəfə artıb. 2024-cü ildə kənd təsərrüfatı məhsullarının ixracı 1 milyard dollara yaxınlaşıb.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə kəndlər bərpa olunur, torpaqlar paylanır və investisiya müsabiqələri elan edilir. – Gənclərin kəndləri tərk etməsi artıq tendensiyaya çevrilib. Sizcə onların doğma kəndlərində qalmasını və fəaliyyət göstərməsini təşviq etmək üçün hansı praktik addımlar önəmli ola bilər? – İlk növbədə məşğulluq imkanlarının genişləndirilməsi və gəlirli fəaliyyət sahələrinin yaradılması vacibdir. Bu baxımdan subsidiya mexanizmləri mühüm rol oynayır. Hazırda əkin subsidiyası, məhsul subsidiyası, intensiv bağçılığa investisiya subsidiyası, süni mayalanma nəticəsində doğulan buzovlara subsidiya tətbiq olunur.
Bundan əlavə, kənd təsərrüfatı texnikası və müasir suvarma sistemlərinin dəyərinin 40%-i, damazlıq heyvanların dəyərinin 60%-i dövlət tərəfindən qarşılanır. Fermerlər məhsullarını sığortalaya bilir, sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Güzəştli kreditlər də gənclər üçün əlçatan imkanlar yaradır. Bütün bunlar kənddə qalmaq və təsərrüfat qurmaq üçün stimul rolunu oynayır. – Dünyada “ağıllı kənd” konsepsiyası getdikcə aktuallaşır. Sizcə bu model Azərbaycan reallığında necə tətbiq oluna bilər? – Zəngilanın Ağalı kəndi buna ən uğurlu nümunədir. Layihə yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji istiqamətlərini əhatə edib.
Ağıllı kəndlərdə evlər enerji qənaətli materiallarla tikilir, sosial obyektlər və xidmətlər yaradılır, alternativ enerji – günəş, bioqaz, su elektrik stansiyaları tətbiq olunur. Aqrar istehsalda dronlar, sensorlar, rəqəmsal idarəetmə sistemləri istifadə edilir. Bu həm məhsuldarlığı artırır, həm də yeni məşğulluq sahələri yaradır. İşğaldan azad olunmuş ərazilərdə belə layihələrin tətbiqi geniş imkanlar açır. – Əgər bu gün lazımi addımlar atılmasa, 10 il sonra kənd yerlərində bizi necə bir mənzərə gözləyə bilər? Eyni zamanda, doğru strategiyalarla hansı pozitiv nəticələri əldə edə bilərik? – Ən böyük risk şirin su çatışmazlığıdır. Azərbaycan su ehtiyatlarının 70%-ni xaricdən alır. İqlim dəyişmələri, quraqlıq və torpaqların deqradasiyası aqrar istehsala ciddi təsir göstərə bilər. Əgər indidən tədbirlər görülməsə, 10 ildən sonra su problemi kəskinləşəcək.
Amma doğru strategiyalarla böyük nailiyyətlər mümkündür: kənd təsərrüfatının modernləşdirilməsi məhsuldarlığı və ixracı artırar, məşğulluq genişlənər, infrastruktur təkmilləşər, sosial rifah yüksələr. Bundan başqa, kənd turizmi və yerli sənətkarlıq inkişaf edər, kəndlər daha dayanıqlı və cazibədar məkanlara çevrilər.
Qeyd edim ki, bu istiqamətlər Kənd Təsərrüfatı Nazirliyinin hazırladığı dövlət proqramında nəzərə alınıb, həmçinin 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında da prioritetlər sırasında olacaq.
Chosen
7
1news.az

1Sources