EN

Bərdədə vətəndaşların müraiətlərinə baxılmır?

[center][/center]Bərdə rayonunun Hacallı kənd sakini Ramiz Ələkbərov müraciət edərək ailəsinin ağır sosial-maddi durumda olduğunu bildirib. Onun sözlərinə görə, özü üç dəfə ciddi cərrahiyyə əməliyyatı keçirib və hazırda həkim nəzarətindədir.

Şikayətçi qeyd edib ki, ailəsinin vəziyyətini nəzərə alaraq 24 may 2025-ci il tarixli, SS875914202AZ saylı məktubla Bərdə rayon Xəsili Bələdiyyəsinin sədri Rəfayıl Bəylərova müraciət edib. O, bələdiyyənin ehtiyat fondundan əkib-becərmək üçün 2 hektar torpaq sahəsinin ayrılaraq xüsusi mülkiyyətinə verilməsinə köməklik göstərilməsini xahiş edib.

Ramiz Ələkbərov deyib ki, 30 may 2025-ci il tarixli cavab məktubunda Bərdə rayon Xəsili Bələdiyyəsi onun ərizəsinə baxıldığını bildirib. Qeyd olunub ki, həmin gün keçirilən iclasda qərar qəbul edilərək, vətəndaşın müraciətində göstərilən torpaq sahəsinə dair sənədlərin hazırlanması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə müraciət edilib.

Onun sözlərinə görə, daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elşad Məmmədovun 5 sentyabr 2025-ci il tarixli cavab məktubunda məsələyə baxıldığı bildirilib. Məktubda qeyd olunub ki, daşınmaz əmlakla bağlı məlumatlar yalnız hüquqi sahibinə və ya qanuni nümayəndəsinə, habelə müvafiq xidmət haqqı ödənildiyi halda təqdim edilə bilər.

“Mənə bildirilib ki, məsələ ilə bağlı yenidən Bərdə rayon Xəsili Bələdiyyəsinə müraciət etməyim məqsədəuyğundur”, – deyə Ramiz Ələkbərov vurğulayıb.

O, həmçinin bildirib ki, bələdiyyə rəhbərliyi torpaq sahəsinin ona ayrılmasında maraqlı görünmür.

Ramiz Ələkbərovun sözlərinə görə, Hacallı kəndində hələ də bələdiyyə torpaqlarının gizli şəkildə pay torpağı kimi istifadəsi ehtimalı qalır.

“Bələdiyyələrin statusu haqqında qanunun tələblərinə baxmayaraq, sosial-maddi cəhətdən ağır durumda olan ailəmizə heç bir köməklik edilmir. Mən və azyaşlı övladım ağır xəstəlikdən əziyyət çəkdiyimiz halda bələdiyyənin biganə münasibəti vəziyyətimizi daha da çətinləşdirir”, – deyə o müraciətində qeyd edib.

Ramiz Ələkbərov müraciətinin ictimailəşdirilməsini və məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.

Şikayətdə qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.AzPolitika.info

Chosen
11
2
yenisoz.az

3Sources