EN

Bir pəncərə mənzərəsi ilə başlayan inqilab: Dünyanın ilk fotosunun hekayəsi

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Bu gün cibimizdəki telefonlarla asanlıqla çəkdiyimiz fotoların arxasında iki əsr əvvələ gedib çıxan möhtəşəm bir hekayə dayanır. 

Qaynarinfo xəbər verir ki, Fransada yaşayan ixtiraçı Nisyefor Niyeps bir pəncərədən gördüyü mənzərəni qeyri-adi qurğu ilə əbədiləşdirməyə qərar verib və nəticədə elmin və incəsənətin gedişatını dəyişdirən bir kəşfə imza atıb.

Sen-Lu-de-Varen kəndində yaşayan Niyeps, qarşısındakı damların günəş altında parıldayan görüntüsünü qeyd etmək üçün işə başlayıb. O, işığa həssas maddə ilə örtülmüş qalay lövhəni qaranlıq qutunun içinə yerləşdirib və səkkiz saatlıq gözləmədən sonra pəncərədən süzülən işıq lövhənin üzərində silik, lakin qalıcı bir iz buraxıb. Bu görüntü tarixə ilk fotoşəkil kimi düşüb və "Le Gras pəncərəsindən mənzərə” adını alıb.

Niyeps özünü sənətçi hesab etməsə də, istifadə etdiyi üsullar olduqca yaradıcı olub. O, təsviri sabitləşdirmək üçün işığa məruz qalanda sərtləşən, qatranabənzər "Yahudiya bitumu”ndan istifadə etmişdi. Uzunmüddətli ekspozisiyadan sonra lövhəni lavanda yağı və neftlə təmizlədi və nəticədə yalnız sərtləşmiş hissələr qalıb. Damların və ağacların kölgəvari izləri bu yolla meydana çıxıb.

Bu kəşf Niyepsin litografiyaya marağından doğub və o, prosesə "heliografiya” - yunan dilində "günəşlə yazmaq” mənasını verən ad qoyub.

İlk fotoşəkilin dəqiq tarixi bəlli olmasa da, Niyeps 1826-cı ildə əldə etdiyi nümunələri botanika rəssamı Frensis Bauerə göstərdiyi zaman böyük təəccüb doğurub. Bauerin təşviqi ilə 1827-ci ildə İngiltərəyə gedən ixtiraçı kəşfini Kral Cəmiyyətinə təqdim etməyə çalışıb. Lakin altı heliqrafik lövhə ilə getdiyi bu səfər gözlədiyi dəstəyi gətirməyib, çünki daxili çəkişmələrlə məşğul olan qurum ixtiraya biganə qalıb. Məyus olan Niyeps dəstəksiz halda Fransaya geri dönüb.

Fransada isə sonradan fotoqrafiyanın "dagerotip” üsulunu inkişaf etdirəcək Lui Dagerlə tanış olub. İkisi fikir mübadiləsinə başlasa da, Niyeps 1833-cü ildə vəfat edib.

Dagerin təkmilləşdirdiyi proses 1839-cu ildə artıq maraq doğurub və Kral Cəmiyyəti bu dəfə fotoqrafiyanı böyük həvəs və maraqla qarşılaşıb. Təəssüf ki, Niyeps öz kəşfinin layiq olduğu dəyəri gördüyünə şahidlik edə bilməyib.

Bu gün fotoqrafiyanın qurucu adlarından biri kimi qəbul edilən Nisyefor Niyepsin töhfələri uzun illər sonra dəyərləndirilib. Beləcə, adi bir pəncərə mənzərəsi həm elmin, həm də incəsənətin tarixində dönüş nöqtəsinə çevrilib. İşığın qalıcı bir görüntüyə çevrilməsini mümkün edən o sehrli an isə həmişə Niyepsin adı ilə xatırlanır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
qaynarinfo.az

1Sources