EN

Kəlbəcərdə Bal Festivalı keçirilir

Sentyabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda “Kəlbəcər Bal Festivalı 2025” təşkil olunub.

APA xəbər verir ki, festival IDEA İctimai Birliyinin, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə, dövlət qurumlarının nümayəndələri, yerli sakinlər qatılıb.

Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, Respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak edir.

Əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşməsi, yerli arıçıların dəstəklənməsi, onların yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin regionun tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə verməkdir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər və digər azad olunmuş ərazilərin arıçılığın inkişafı üçün geniş potensiala malik olduğunu, bölgənin yaylaqlarında istehsal olunan arıçılıq məhsullarına daxili bazarda böyük tələbat olduğunu deyib. Bal və digər arıçılıq məhsullarının beynəlxalq bazarlara çıxışı üçün brendəşmənin vacibliyini bildirən nazir bu istiqamətdə nazirlik tərəfindən arıçılara köməklik göstərildiyini qeyd edib. Nazir bildirib ki, 2024-cü ildə Azərbaycanda arı ailələrinin sayı 579 minə çatıb, bal istehsalı 2023-cü illə müqayisədə 13,04% artıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Chosen
34
4
apa.az

10Sources