EN

Rusiya Ermənistanda ölüm-dirim savaşına gedəcək

Paşinyan üç eks-prezidentə meydan oxudu: "Siz hamınız bir, mən tək, gəlin debata" 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq rəhbərlərinə - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyana qarşı növbəti dəfə sərt ittihamlar səsləndirib. O, onları seçkiləri saxtalaşdırmaqda, Ermənistanın üçüncü respublikasını uçuruma aparmaqda, həmçinin həm Ermənistanı, həm də Qarabağı müharibəyə sürükləməkdə günahlandırıb. 

Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, özü istənilən vaxt açıq debatlara hazırdır və keçmiş rəhbərləri bir daha ictimai müzakirəyə dəvət edir. 

Paşinyan bununla kifayətlənməyərək, istehzalı üslubda bəyan edib ki, onlar debat meydanına özləri ilə "Katrici, Samoyu, Gevorqu və Vazgeni də gətirə bilərlər". Hətta o, ironiya ilə əlavə edib ki, debatları onun vaxtilə saxlandığı "Yerevan-Mərkəz" cəzaçəkmə müəssisəsində təşkil etmək olar. 

Nikol Paşinyanın bu qədər arxayınlığının səbəbləri nədir? Bu üç eks-prezidentlə bacararmı? Cinayətkar "troyka" öz aralarında ittifaq qura və Paşinyana seçkidə ciddi problemlər yaradıb ona qalib gələ bilərmi?  

Abutalıb

Abutalıb Səmədov 

"Alyans" Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Yeni Müsavat"a bildirdi ki, Nikol Paşinyanın keçmiş prezidentləri debata çağırması kifayət qədər cəsarətli addımdır: "Ancaq bu cür çağırış bir neçə dəfə səslənib və üç eks-prezidentin heç biri debata getməyib. Görünür, Paşinyan artıq əmindir ki, bu adamlar onunla debata gəlməyəcəklər. Ona görə də yenidən debat çağırışı edib. Eyni zamanda Paşinyan onların debata gəlmələrindən də qorxmur. Çünki erməni cəmiyyətində bu insanlara qarşı kifayət qədər qəzəb, nifrət var və nüfuzları da çox aşağıdır. Ermənilərin xeyli hissəsi düşdükləri fəlakətlərdə bu "üçlüy"ü günahlandırır. Həm Levon Ter-Petrosyan, həm Robert Köçəryan, həm Serj Sərkisyan Rusiyanın yardımı ilə Moskvanın oyuncağına çevrilib Azərbaycana qarşı işğalçılıq müharibəsinə qalxdılar və son nəticədə ermənilər tarixlərinin böyük fəlakətini yaşadı. Burada bir amil də var ki, Nikol Paşinyan bu keçmiş üç prezidentlə müqayisədə bacarıqlı natiqdir və əmindir ki, belə bir debat olsa, onların öhdəsindən təkcə arqumentlərlə, faktlarla deyil, eyni zamanda natiqlik bacarığı ilə də gələ bilər. O da məlumdur ki, bu üç adamın arasında kifayət qədər problemlər var və onların birlikdə Nikol Paşinyana qarşı debata gəlməsi mümkünsüzdür". 

A.Səmədovun sözlərinə görə, nəzərə alsaq ki, hətta Köçəryanla Sərkisyan yaxın olsalar da, bu gün birləşə bilmirlər və aralarında ciddi problemlər, soyuqluq var, bu nüans da Paşinyanın xeyrinə işləyir: "Son illərin hadisələrini diqqətlə araşdırsaq, əmin olarıq ki, bu üç nəfərin nə debatda birləşməsi mümkündür, nə də birlikdə parlament seçkilərində Nikol Paşinyana qarşı mübarizə aparmaları. Rusiyadan komanda gəlsə, Köçəryan və Sərkisyan belə bir addım atar. Levon Ter-Petrosyan bir az məsafəlidir. Çünki onun devrilməsində Rusiya fəal rol oynayıb və bunu Ter-Petrosyan unutmur. Rusiya Köçəryanla Sərkisyanın birləşməsini istəyərmi? Açıq şəkildə yəqin ki, istəməz. Çünki göz qabağındadır ki, bu iki şəxsin nüfuzu çox aşağıdır və onların birləşməsi də Rusiyaya heç nə verməyəcək. Bu səbəbdən yeni qüvvəni ortaya çıxarmaq istəyirlər. Ermənistanda ən nüfuzlu kəsim olan dindarlarla ən imkanlı kəsimi - sahibkarları birləşdirmək istəyirlər. Lider olaraq Karapetyanı qabağa veriblər. Ola bilsin ki, başqa bir namizədin də üzərində dayanılsın və Rusiyanın ən böyük ümidi bu iki qüvvənin birləşməsinədir. Köçəryan və Sərkisyan kimiləri də yəqin ki, bu izdivaca örtülü dəstək verərlər". 

Ekspertin fikrincə, bir şey aydındır ki, Ermənistanda qarşıdakı parlament seçkilərində çox kəskin mübarizə olacaq: "Rusiya üçün bu, ölüm-dirim savaşıdır. Paşinyanı məğlub etmək üçün Rusiya əlindən gələni edəcək. Bu vaxta qədər etdiyindən qat-qat artıq işlər görməyə çalışacaq. Qərb dünyası da, eyni zamanda Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olan ölkələr də eyni qətiyyətlə onun arxasında durmağa çalışmalıdır, ona bütün yardımı göstərməlidirlər. Bu işdə Azərbaycan da müəyyən rol oynaya bilər və oynamalıdır. Çünki Paşinyanın məğlubiyyəti və onun yerinə rusiyameylli şəxsin hakimiyyətə gəlməsi Azərbaycana problemlər yarada bilər. Rusiya 1992-1993-cü illərdə olduğu kimi, yenə də Ermənistanın əli ilə Azərbaycana qarşı addımlar ata bilər ki, biz bunun qarşısını indidən almalıyıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources