EN

Azərbaycanın beynəlxalq siyasi proseslərdə fəallığı artır



“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 80-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməsi, burada yüksək səviyyəli müzakirələrdə iştirakı Azərbaycanın beynəlxalq siyasi proseslərdə fəallığını artırır, milli maraqların müdafiəsinə mühüm töhfə verir. Bu eyni zamanda ölkənin dünya birliyində mövqeyini möhkəmləndirir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, bu kimi səfərlər həm daxili siyasətdə, həm də xarici arenada strateji önəm daşıyan bir fəaliyyət istiqamətidir:

“Prezident İlham Əliyevin BMT çərçivəsində keçirdiyi görüşlər və çıxışlar diplomatik sahədə Azərbaycanın mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 23 sentyabr 2025‑ci il tarixində Nyu‑Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli müzakirələrində iştirak ediblər. Bu görüşlər çərçivəsində dövlət başçısı dünya liderləri ilə bir sıra ikitərəfli görüşlər keçirib və qarşılılqı faydalı əməkdaşlığa dair fikir mübadiləsi aparmaq imkanı yaranıb. Bu kimi görüşlər də öz növbəsində Azərbaycan üçün beynəlxalq əməkdaşlıq kanallarını genişləndirir. Dövlət başçısının ayrı-ayrı ölkələrin dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşlər strateji əməkdaşlıqların qurulmasına şərait yaradır. Eyni zamanda ölkəmizə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzura investisiya cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Arzuman Muradlı onu da deyib ki, Azərbaycanın BMT-dəki nüfuzu bir neçə əsas sahə üzrə formalaşıb və zamanla artan rolunu göstərib:

“Bu artan nüfuz və inkişafı, ölkənin beynəlxalq hüquqa, xüsusilə də ərazi bütövlüyü prinsipinə verdiyi əhəmiyyət, həmçinin qlobal təhlükəsizlik, enerji, mədəniyyətlərarası dialoq və humanitar məsələlərə töhfələri ilə bağlıdır”.

Süleyman
Chosen
16
1
newscenter.az

2Sources