EN

Azərbaycan və Laos Baş prokurorluqları arasında Memorandum imzalanıb

Azərbaycan
Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 23-də Baş prokuror Kamran Əliyev Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Baş prokuror görüşdə ölkələrimiz arasında Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman, yəni 1995-ci ildən diplomatik əlaqələrin qurulmasını, həmin vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələrin müvəffəqiyyətlə davam etdirilməsini, hazırda da dövlət başçılarımız arasındakı yaxşı münasibətlərin olmasını və bunun qarşılıqlı əlaqələrin bütün sahələrinə özünün müsbət təsirini göstərməsini vurğulayıb.
Ötən ilin sentyabr ayında Şərq İqtisadi Forumu çərçivəsində Laoslu həmkarı ilə aralarında keçirilmiş ikitərəfli görüşü xatırladan Baş prokuror həmin görüşdə müzakirə edilmiş əməkdaşlıq perspektivlərinin prokurorluqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini qeyd edib. Bundan başqa görüşdə Azərbaycanda həyata keçirilən hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində operativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan Elektron Prokurorluq İnformasiya Sistemi (EPIS) barədə məlumat verilib. Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş Prokuroru Saysana Kotputan çıxışında səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək təmsil etdiyi qurumun Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, səfərin əlaqələrin gələcəkdə də inkişaf etidirilməsi, eyni zamanda ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib. Tərəflər həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraq hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində tərəfləri maraqlandıran bir sıra digər məsələləri müzakirə ediblər. Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb. Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.
Chosen
6
14
1news.az

10Sources