EN

İki nazirin eyni gündə həbsi: Adnanla onları nə birləşdirirdi? – Sensasion

Azərbaycanda vaxtaşırı səs-küylü həbslər həyata keçirilir. Zaman-zaman nazirlər, komitə sədrləri, deputatlar, iş adamları və s. bu taleni yaşayır. Adnan Əhmədzadənin həbsi yaxın tariximizdə baş verən oxşar hadisələri yenidən gözlər önünə sərdi.

Son 20 ildə baş verən bu tip əməliyyatlar ölkədə zəlzələ effekti yaratdı.

İki nazir – bir tale

2005-ci ilin oktyabrında sabiq səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev başda olmaqla xeyli şəxs iş otağındaca qandallandı. Onları o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına saldılar. Hər iki nazir dövlət çevrilişində günahlandırılırdı. Düzdür, istintaqın gedişində o maddələr mənimsəmə ilə əvəzləndi. Çünki həmin dövrə beynəlxalq təşkilatlar həmin maddələrə istinad edərək Əli İnsanovu və Fərhad Əliyevi siyasi məhbus elan edə bilərdi. Ona görə də işə korrupsiya və rüşvət ittihamları da əlavə edildi. Üzərindən 20 il ötüb, bəzi detalları unuda bilərik. Bu səbəbdən oxuculardan üzr istəyirik.

farhads

Fərhad Əliyev

Fərhad Əliyev də, Əli İnsanov da hakimiyyətə iddialı idilər. Onlar hakimiyyətdaxili klanlarla və bəzi xarici təşkilatlarla sövdələşmə içində olublar. O vaxt deyilirdi ki, Fərhad Əliyev ABŞ-ın Bakıdakı səfirliyi ilə ciddi təmas içindədir. Belə söhbət yayılmışdı ki, Qərb diplomatları ilə görüşlərdə onlar Fərhad Əliyevə “sizi Azərbaycanın növbəti prezidenti kimi görürük” ifadəsinə sakit qalmış, bir növ susaraq bu sözdən məmnunluğunu ifadə etmişdi. F.Əliyevin televiziyalara açıqlaması, “mən türk oğluyam”, “məni xalq sevir” və s. emosional, pafoslu cümlələri də onu hədəfə çıxarmışdı. Rəqibləri onu provokasiya etdilər, mikrofon uzatdırdılar, kamera yönləndirdilər – o da bu tələyə düşdü.

eli

Əli İnsanov

Əli İnsanovun 2003-cü ildən sonra özünü hakimiyyətə hazırladığı barədə informasiyalar dolaşırdı. O, hər yerdə deyirmiş ki, 500 minlik Qərbi azərbaycanlıların lideridir. Hətta YAP-ın iclaslarının birində İnsanov “elə etməyin ki, 500 minlik Qərbi azərbaycanlıları ayağa qaldırım” deyib.

Hakimiyyət çevrilişinə hazırlıq necə deşifrə edildi?

Hər iki nazir 2005-cilin noyabr ayının 5-də keçiriləcək Milli Məclisə seçkiləri fürsət bilib daha da aktivləşmişdi. Siyasi fəallıq maksimum dərəcədə artmışdı. Bir tərəfdən də siyasi müxalifət – hakimiyyətin aşkar, legitim rəqibi təşkilatlanaraq, blok yaradaraq iqtidarı sıxışdırırdı. Qonşu Gürcüstanda, Ukraynada, Qırğızıstanda ard-arda baş verən inqilablar, hakimiyyət dəyişikliyi müxalifəti cəsarətləndirmişdi. 2003 fiaskosundan sonra təzədən dirçəlib meydanlara çıxmışdı. Nəinki 20-30 deputat yerinə, bütövlükdə hakimiyyətə iddialı idi müxalifət liderləri. Narazı elektorat da baş verənlərdən ümidlənmişdi.

Qərbin bəzi dairələri də hakimiyyəti sıxırdı. Dövlət bu mürəkkəb vəziyyətdən çıxmaq üçün sərt addıma getməli oldu: öz içindəki gizli müxalifəti sarsıtmaq üçün “ilanın” başını “əzmək” qərarı verdi. İki naziri – Əli İnsanovu və Fərhad Əliyevi xüsusi əməliyyatla həbs etdi. Bununla da üzərinə 3-4 yerdən gələn təzyiq dalğasını xeyli dərəcədə azalda bildi.

“Quska” niyə SOCAR prezidenti ola bilmədi?

2005 seçkilərində bəxti üzünə gülən bir fiqur vardı: müxalifətin qənimi, mitinqlərin “əzraili” Hüseyn Abdullayev. Onu hər kəs “Quska” kimi tanıyırdı. H.Abdullayevin deputat mandatına sahib olması ciddi müzakirələrə, etirazlara səbəb olmuşdu. Amma “Quska” reket, qanunsuz silahlı dəstə başçısı, “bandit” obrazını deputat mandatı ilə “yumaqda” israrlı görünürdü. O, özünü ictimaiyyətə yeni obrazda təqdim etmək istəyirdi: siyasətçi, bəstəkar, iş adamı, xeyriyyəçi.

quska

Hüseyn Abdullayev

“Quska” müəyyən müddət buna nail oldu. Amma il yarım sonra – 2007-ci ilin mart ayında gerçək simasını büruzə verdi: Milli Məclisin iclasında deputat həmkarı ilə əlbəyaxa davaya çıxdı. Buna qədər də o, parlamentdə özünü xüsusi imtiyazlı şəxs kimi aparırdı. Hökumətin hesabatını, SOCAR-ın fəaliyyətini, nazirlərin işini sərt dillə tənqidə məruz qoyurdu. Bununla da ictimai dəstək qazanırdı. Fəzail Ağamalı ilə dava isə onun Milli Məclis “epoxasını” sona çatdırdı.

H.Abdullayev bu çıxışları boşuna etmirdi. O, SOCAR prezidenti olmağa çalışırdı. 2006-cı ildə – seçkidən bir müddət sonra – Rövnəq Abdullayevin bu posta təyin edilməsi “Quska”nı sözün əsl mənasında dəliyə döndərmişdi. “Necə yəni, vaxtilə mənə sürücülük etmiş bu adam indi SOCAR prezidenti olacaq?!” deyə üsyan edirdi. Beləcə, bu hikkə onu Milli Məclis salonundan türmə köşələrinə atdı. Məlum davanın səhəri günü əməliyyatçılar yolda onun başına torba keçirib, istintaqa təhvil verdilər. Deputat toxunulmazlığı ləğv edildi, mandatına xitam verildi.

Bir müddət həbsdə olandan sonra bağışlandı, türmədən çıxdı. Amma sakitləşməmişdi. Bu dəfə müxalifətlə – Milli Şura ilə ittifaq qurmuşdu. Onun 2013-cü ilin iyununda Milli Şuraya himn yazması, “Azadlıq” qəzetində dövlət rəhbərliyini hədəf alması körpüləri tamamilə yandırdı. “Quska” bu bəyanatları Almaniyadan verirdi. Özünə arxayın idi ki, dövlətin əli ona çatmaz. Bu arxayınlıq sonunu gətirdi. 2018-ci ilin aprel ayında sığındığı Almaniyadan Türkiyəyə gəlir. DİN-nin əməliyyat qrupu İstanbulda Hüseyn Abdullayevi yaxalayıb, Bakıya gətirdi. Beləcə, daha bir “əfsanə” tarix oldu…

Mahmudov və cinayətkar dəstəsinin sonu…

2015-ci ilin oktyabrında Azərbaycanda daha bir səs-küylü hadisə baş verdi. Milli təhlükəsizlik naziri Eldar Mahmudov Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildi. Ölkənin ən qüdrətli nazirlərindən hesab olunan Mahmudovun işdən uzaqlaşdırılması şok effekti yaratdı. Həmin vaxt ölkə parlament seçkilərinə hazırlaşırdı. Təxminən 20 gün sonra Milli Məclisə seçkilər keçiriləcəkdi. Eldar Mahmudovun istefaya göndərilməsinin köklü səbəbləri vardı. O, vəzifənin verdiyi imtiyazlardan dövlətin təhlükəsizliyi üçün yox, özünün və çevrəsinin maraqları üçün istifadə edirdi. Bütün qırmızı xətləri keçmiş, sərhədləri aşmışdı.

Eldar

Eldar Mahmudov

Eldar Mahmudov canını nazir kreslosunu itirməklə qurtardı. Amma onun MTN-ə toplaşmış və general, polkovnik mundiri geymiş cinayətkar dəstəsi həbsxanaya dolduruldu. Düzdür, bəziləri canını birtəhər qurtara bildi. Məsələn, Akif Çovdarov 2020-ci ildə vaxtından əvvəl azadlığa çıxdı. Amma əmlakı əlindən alındı, nüfuzu, hörməti yox oldu.

Bir azdan Adnanın adını anan olmayacaq…

İndi isə Adnan Əhmədzadənin həbsi ölkə gündəmi dalğalandırır. Bu gənc, amma perspektivsiz adam özünü çox pis yerdə axşamladıb. Həbs səbəbi ilə bağlı deyilənlər doğrudursa, dövlətə qarşı böyük təxribata yol verib. Bunun isə cəzası ağır olacaq. Bir sözlə, Adnan özünü uzun müddətli həbsə hazırlasın…

Son 5 ildə həbs edilən 10-a yaxın icra başçısını, bəzi orta ranqlı məmurları, bank rəhbərlərini bura əlavə etsək, ciddi bir siyahı alınar.

Bu həbsləri, işdən çıxarılmaları birləşdirən və eyni vitrinə düzən bir motiv var: müvəffəqiyyətdən və artan var-dövlətdən baş gicəllənməsi. Vəzifənin, pulun yaratdığı imkanları yanlış istiqamətə istifadə edəndə sonu həbsxana divarları olur, ən yaxşı halda ev dustaqlığı.

Bu adamlara bir az gec toxunulsaydı, Azərbaycanın başına açmadıqları oyun qalmayacaqdı. Nə işdirsə, varlanan, maddi imkanları, səlahiyyətləri artan kimi hamısının ürəyindən hakimiyyət keçir.

İnsanovlar, Fərhadlar, Eldarlar, Adnanlar getdi, amma yerində xeyli belələri qalmaqdadır. Gedənlər getdi, qalanlara göz-qulaq olmaq lazımdır…Globalinfo.az

Chosen
38
7
busaat.az

8Sources