BAKI, 24 sentyabr. TELEQRAF
Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Təmas Qrupunun növbəti iclası keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasda Təmas Qrupuna üzv dövlətlər - Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Niger və Azərbaycandan rəsmi şəxslər iştirak ediblər. Həmçinin Kəşmirin nümayəndə heyəti də tədbirə qatılıb.
Pakistan Baş nazirinin xüsusi köməkçisi Səid Tariq Fatemi təşkilata və üzv dövlətlərə Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna verdikləri davamlı dəstəyə görə təşəkkürünü bildirib. O, Hindistanın qanunsuz işğalı möhkəmləndirmək cəhdlərini, sərt qanunlar, repressiyalar və demoqrafik dəyişikliklər vasitəsilə həyata keçirdiyi siyasəti qınayıb. Pakistanın sülhə sadiqliyini bir daha təsdiqləyərək Cənubi Asiyada davamlı sabitliyin Cammu və Kəşmir münaqişəsinin səmimi dialoq yolu ilə həllindən asılı olduğunu qeyd edib.
Baş nazirin xüsusi köməkçisi İƏT-ni Hindistanı repressiyalara son qoymağa, siyasi məhbusları azadlığa buraxmağa, sərt qanunları ləğv etməyə və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etməyə çağırıb.
Təmas Qrupuna üzv dövlətlər Cammu və Kəşmir münaqişəsinin İƏT-nin gündəliyində prioritet olaraq qalmasını vurğulayıb, Kəşmir xalqının mübarizəsinə verdikləri dəstəyi bir daha təsdiqləyib və münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərin yenidən gücləndirilməsinə çağırıblar.
Görüş zamanı Təmas Qrupu tərəfindən Birgə Kommunike qəbul edilib.