"Fənərbağça" klubunda prezidentlik seçimində məğlub olaraq vəzifədən gedən Ali Koç cərimə ödəyəcək.

Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) "Fənərbağça" klubuna 620 min TL (26 min AZN), sabiq prezident Ali Koça isə 15 gün futbol fəaliyyətindən uzaqlaşdırma və 2 milyon TL (82 min AZN) cərimə verib.

TFF-nin açıqlamasına görə, "Fənərbağça"ya "Alanyaspor"la keçirilən oyunda baş verən “çirkin və pis azarkeş davranışları” səbəbilə 400 min TL, stadiondakı insidentlərə görə isə 220 min TL olmaqla ümumilikdə 620 min TL cərimə kəsilib.

İntizam Komitəsi Ali Koçu isə futbolun və qurumların nüfuzunu zədələyən açıqlamalarına görə 15 gün fəaliyyət qadağası və 2 milyon TL pul cəzası ilə cəzalandırıb.

Bundan əlavə, "Fənərbağça"ya eyni səbəbdən bəzi tribunalara qismən bağlanma cəzası da tətbiq olunub.

Digər qərarda, "Fatih Karagümrük" klubu "RAMS Başakşehir" qarşılaşmasında oyun təqviminə uyğun hərəkət etmədiyi üçün 220 min TL cərimələnib.